O səs nə səs idi, Allah?!
100 yaşayın, var olun, Yaqub bəy!
Azərbaycanın böyük, sevimli sənətkarı Yaqub Zurufçu ölkəmizin ən ağır, çətin, həyəcanlı günlərində – ötən əyyamın 89-90-cı illərində özünün əzəmətli, ağrılı-yanıqlı, vətən sevgili “Ayrılıq” mahnısı ilə xalqımızı birliyə, yekdil olmağa, mübarizəyə, Qələbəyə səsləyirdi.
Bütün xalqımızın, o taylı-bu taylı Azərbaycanımızın, bütün Türk dünyasının sevdiyi bu böyük sənətkarla mənim tanışlığımın fikrə gəlməyəcək bir tarixçəsi var.
…2009-cu ilin fevralında Sumqayıtdan paytaxta – dahi şairimiz Bəxtiyar Vahabzadənin yas məclisinə getmişdim. Sevimli şairlə mənim də iştirak etdiyim izdihamlı vidalaşmadan iki gün sonra yas məclisinə gələnləri iki böyük çadır da tutmurdu. Bizim oturduğumuz çadırda Azərbaycanın elit ziyalıları – şairlər, yazıçılar, görkəmli alimlər, deputatlar, şairin bir-birindən dəyərli şeirlərinə musiqi bəstələmiş bəstəkarlar, ustad xanəndələr, müğənnilər və adi, sadə adamlar – şairin poeziyasının pərəstişkarları toplaşmışdılar.
Bakı Dövlət Universitetinin yanaşı oturduğum iki professoru uzun illər bir yerdə çalışdıqları, mənim də taleyimə həm Bakıda və Sumqayıtda, həm də Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda görüşmək nəsib olmuş Bəxtiyar Vahabzadə haqqında xatirələrini söyləyir, mən isə diqqətlə onlara qulaq asır, hərdən də söhbətə qoşulurdum. Məclis dolub-boşalırdı. Təxminən bir saatdan sonra həmsöhbət olduğum hörmətli professorlar da durub getdilər. Mən isə məclisə gəlməli olan bir şair dostumu gözləməli idim. Bir qədər keçmişdi ki, çadırın girəcəyində görkəmli müğənnimiz Yaqub Zurufçunu gördüm. Bir anlığa elə bildim ki, bütün Güney Azərbaycan Quzey Azərbaycanın böyük dərdinə şərik olmaq üçün Bakıya gəlib. Nədənsə o anda Bəxtiyar müəllimin xalqımızı on illərlə mübarizəyə səsləyən “Gülüstan” poemasıı və Yaqub Zurufçunun ürəklər dağlayan “Ayrılığ”ı eyni anda göz önümə gəldi və istər-istəməz kövrəldim…
Yaqub bəy bir anlığa ayaq saxlayıb, çadırdakılara nəzər saldı. Hiss etdim ki, məclisdə olanlardan kimlərin yanında oturmağı götür-qoy edir. Əlbəttə, çoxları istərdi ki, xalqın sevimlisi olan Yaqub Zurufçu kimi bir sənətkar onun yanında əyləşsin. Ani olaraq məclisə göz gəzdirdim. Ancaq, deyəsən, məndən başqa heç kəsin yanında boş yer yox idi. Bir qədər tərəddüd etsəm də (kiminsə qabağına keçməmək, Yaqub bəyi onun “əlindən almamaq” üçün), ayağa qalxaraq, müğənniyə tərəf gedib, görüşdüm və onu ehtiramla öz yanıma dəvət etdim. Sağ olsun ki, xahişimi yerə salmadı, məni – tanımadığı adamı pərt etmədi. Bəxtiyar müəllimin çadırda asılmış düşüncəli-fikirli iri portretinə nəzər salıb, gözlərinin nəmini büruzə verməməyə çalışaraq, yanıqlı-yanıqlı Bəxtiyar müəllimlə görüşləri, mahnılarını sevə-sevə oxuduğu barədə danışdı. Məclisdə bütün söhbətimiz Bəxtiyar Vahabzadə, onun böyük azadlıq carçısı olması, doğma xalqına olan intəhasız sevgisi, döyüşkən, fəlsəfi-mübariz poeziyası ilə Vətən qarşısında xidmətləri, hər zaman Azərbaycanla bağlı olan zəngin yaradıcılığı barədə oldu. Məclisdən çıxdıqdan sonra bəstəkar Oqtay Zülfüqarovla, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, estrada müğənnimiz Cavan Zeynallı ilə görüşüb, söhbət etdik.
Yaqub bəylə yaxından tanışlığı isə mən bilərəkdən gecikdirirdim. Və, nəhayət, bir “sirri” açmaq qərarına gəlib, bildirdim ki, Yaqub bəy, bizim tanışlığımız indi yox, çoxdan başlayıb və ümumi olan bir “tanışımız” da var.
– Necə ki? – deyə təəccüblə mənə baxdı.
Nə reaksiya verəcəyini maraqla gözləyərək:
– Yaqub bəy, Siz Azər Rəhmanoğlunu tanıyırsınız? – soruşdum.
Sifətinə xoş bir təbəssüm qondu:
– Tanıyıram da sözdü? O, mənim mahnı disklərimdən birinin dizayneri olub. Özü də o diskin tərtibatını çox gözəl, məharətlə işləmişdi. Yaxşı oğlandır, xətrini çox istəyirəm… – birdən duruxub, soruşdu. – Hardadır o? Çoxdandır görmürəm, telefonu nədənsə bağlıdır, ona görə də disklə bağlı ona əməlli-başlı təşəkkür də edə bilməmişəm. Siz onu hardan tanıyırsınız?
Məsələni bilib (oğlum Azər sonralar bu böyük sənətkarın daha iki mahnı albomunun dizaynını vermişdi – tam təmənnasız olaraq!), mənimlə daha səmimiyyətlə qucaqlaşdı və dərhal da Azərin telefon nömrəsini istədi…
Beləcə bizim dostluğumuz başladı. Bu yaxınlarda isə Amerika və Kanadaya qastrol səfərindən qayıtdıqdan sonra mənə zəng vurdu:
– Rəhman bəy, Sizə Amerikadan kiçik bir hədiyyəm var, mümkünsə, gəlin, Bakıda görüşək, həm də oturub bir çay içib-söhbət edək.
Xalqımızın görkəmli oğlunun belə bir xoş dəvətini məmnuniyyətlə qəbul etməmək olardımı? Bir-neçə gün sonra görüşməyi razılaşdıq. Vədələşdiyimiz vaxt qəzet redaktor¬larından biri onu “Azərbaycan” nəşriyyatına dəvət etdiyindən orda görüşməli olduq.
…Gedəcəyimiz yeri soruşmadım. Bir saatdan artıq getdiyimiz yol boyu Yaqub bəyin okeanın o tayına qastrol səfərindən, o yerlərdə həmyerlilərimizlə görüşlərindən, Azərbaycanın bugünündən, sabahından söhbət etdik. Yaqub bəy bir vaxtlar Ulu öndərimiz Heydər Əliyevlə Bakıda, sonralar Amerikada – Klivlend klinikasında görüşlərini həyəcanla yada salıb, dahi rəhbərin onun sənətinə, xüsusilə “Ayrılıq” mahnısına olan heyranlığı barədə kövrəkliklə danışaraq, o unudulmaz görüşlərin onun xatirində əbədi iz qoyduğunu söylədi. Ölkə prezidenti İlham Əliyevin də Azərbaycan mədəniyyət və incəsənətinə göstərdiyi diqqət və qayğıdan məmnunluqla danışdı. Özünün hər zaman böyük ehtiramla yad etdiyi dahilərimiz, korifey sənətkarlarımız Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rübabə Muradova, Gülağa Məmmədov haqqında da fikirlərini bölüşərək, son zamanlar böyük perspektivləri olan istedadlı gənc musiqiçilərin də yetişdiyini razılıqla qeyd etdi.
Söhbət zamanı yeni mahnı albomunu hazırladığını bildirərək, dedi ki, ora özünün aranjeman etdiyi “Apardı sellər Saranı” mahnısını da daxil edib. Mənim xahişimlə diski maşının maqnitofonuna saldı…
Allah, bu necə musiqi idi, bu nə ilahi səs, necə oxumaq idi!… Yaqub bəyin səsinin, oxunuşunun ecazkarlığını, möcüzəsini özünün təşəbbüsü ilə daxil etdiyi xor ifası daha da artırır, əzəmətli edirdi. Mahnı onun təkrarsız ifasında elə təsirli idi ki, sanki Arpa çayı elə indicə aşıb-daşmışdı və sanki ellər gözəli Saranı hamıya qısqanaraq, elə mənim gözlərim önündəcə çağlayan sularının qoynuna alıb, uzaqlara aparmışdı. Və bu fəlakətə təkcə Xan Çoban və Yaqub Zurufçu yox, bütün el-oba haray qopararaq, ağlayırdı. Deyərdim ki, “Ayrılıq”dan sonra bu, Yaqub bəyin ikinci, daha bir əzəmətli, ürəklər dağlayan ayrılıq mahnısı idi: “Gedin deyin Xan çobana, gəlməsin bu il Muğana, Muğan batıb nahaq qana…” Gözlərim önünə Qarabağ gəldi, elə bildim ki, mahnıda Muğan yox, Qarabağ deyilir: “Gedin deyin Xan çobana, gəlməsin heç Qarabağa, o batıbdır nahaq qana…”
Köksümü ötürüb, mahnını təkrar qoymasını xahiş etdim. Yeni, orijinal bir aranjemanla səslənən bu mahnının ovsununa düşmüşdüm. İfa haqqında fikrimi bildirəndə Yaqub bəy ustada ehtiramını ifadə edərək bildirdi ki, bu mahnının ən gözəl ifaçısı xalqımızın görkəmli sənətkarı, böyük muğam ustası Arif Babayevdir.
– Arif müəllim bu mahnını böyük ürək yanğısı ilə, çox gözəl oxuyur, – dedi. – Mənim ifamda da yaxşı alınıbsa, heç şübhəsiz ki, burda Arif Babayev zəngulələrinin də böyük təsiri olub.
…Yaqub bəyin dəvəti üzrə paytaxtın restoranlarından birində oturub, həyat yoldaşı Aynur xanımın və 5 yaşlı oğlu Atillanın da qoşulduğu çay və yemək süfrəsi arxasında yenə də sənətdən, görkəmli sənət adamlarından söhbət aşdıq.
Ziyafətlə, çal-çağırla başa çatan görüşümüz yanvarın ilk günlərindən birində olduğundan öz-özümə düşündüm ki, deyəsən, yeni il yaxşı, maraqlı başlayır.
Xudahafizləşərkən Yaqub bəy mənə Amerikadan xüsusi olaraq gətirdiyi hədiyyəni bağışladı. Ancaq yəqin özü də hiss etdi ki, mənim üçün həmin gün ən böyük hədiyyə özünün əsl sənətkarlıqla, məharətlə, ecazkarlıqla oxuduğu, məni məftun etmiş “Apardı sellər Saranı…” mahnısı və həmin mahnının yazıldığı, ilk olaraq mənə bağışladığı disk idi. İndi həmin mahnını imkan olduğca təkrar-təkrar səsləndirir və hər dəfə də sanki ilk dəfə eşidirəmmiş kimi yenə də heyranlıqla qulaq asıram.
Var olun, Yaqub bəy, öz təkrarsız səsiniz-ifanızla, milyonlarla ürəkləri fəth edən böyük sənətinizlə! 60 illik yubileyiniz mübarək!
Gün o gün olsun ki, dahilərimiz Üzeyir Hacıbəyovun, Bülbülün, Mollla Pənah Vaqifin, Xurşid Banu Natəvanın ata-baba yurdu olan Qarabağda, 25 ildir ki dərdini-həsrətini çəkdiyimiz Şuşanın Cıdır düzündə ceyran gözlü bir Qarabağ atının belində oturub, heyranlıqla, sevinclə o müqəddəs yerlərin gözəlliklərunə göz gəzdirərək, yaşıl meşələrini, dağlarını, düzlərini qəlbin doymadığı bir məftunluqla seyr edərək, bir arxayınlıqla, rahatlıqla sinə dolusu nəfəs alıb, bütün Qarabağ elatına yayıla biləcək səsinizlə zəngulə vurub, “Şuşanın dağları” mahnısını oxuyasınız!
Qoy qadir Allah o xoşbəxt, sevincli günləri xalqımıza tezliklə nəsib eləsin!
Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.