Özünün özünə varsa dəyərin
Haram var-dövlətin səməri olmaz,
Bir az fikirləşib düşünsək dərin.
Misgər bazarında dəyəri olmaz,
Qızılın, daş-qaşın, nədəki zərin.
Vicdan ucuzlaşıb aradan getsə,
Hörmət yoxa çıxsa, ləyaqət itsə,
Arvad da bir yandan kişilik etsə,
Olmaz el içində hörməti ərin.
Düşməndən dost olmaz, dostdan da qardaş,
Ayaq başa çıxsa, başsız qalar baş.
Göz də xarab olar, düzələndə qaş,
Bilinər yalanın, böhtanın, şərin.
Polad, hər əzaba gərməsən sinə,
Onda tuş gələrsən qəzəbə, kinə.
Hamı diqqətini artırar sənə,
Özünün, özünə varsa dəyərin.
17.12.2014.
Olaydı
Açıq hava, aydın səma,
Bağ-bağçada bar olaydı.
Qəlbdə iman, dildə dua,
Bir vəfalı yar olaydı.
Övlad qarşısında üz ağ,
Güvənməyə uca bir dağ,
Bir az sevgi, canımız sağ,
Bir az dovlət var olaydı.
Düzü atıb səhvi tutan,
Halal mala, haram qatan,
Söz gəzdirən, böhtan atan,
Utanaydı, xar olaydı.
Yaxşıdan gen dursun yaman,
Beyinlərdən getsin duman,
Kök salaydı qəlbdən iman,
Üzdə həya ar olaydı.
Kim qoruyur ədaləti,
Onda var haqq əlaməti,
Sevənlərin xoş niyyəti,
Yer üzünə car olaydı.
Hər istəyi gözdən duyan,
Uca tutan, böyük sayan,
Qəlb ovudan, göz oxşayan,
Bir cüt qoşa nar olaydı.
9.12.2014.