SAVALANIN ZİRVƏSİNDƏ QAR GÖRÜRƏM
Savalanın zirvəsində qar görürəm,
Yellər əsir soyuq-soyuq, sərin-sərin.
Köhnə qardan tar bağlamış o yerlərin
İlk bahara ehtiyacı var, görürəm,
Savalanın zirvəsində qar görürəm.
Güneyi də kölgəlidir quzey kimi,
Bəli, dağ da tablamazmış həsrətlərə.
Nəfəsini xəstə kimi dərə-dərə
O inləyir, o sızlayır bir ney kimi,
Güneyi də kölgəlidir quzey kimi.
Gah gizlənir, gah da çıxır buludlardan;
Seyr edirəm, zirvələri qardı yenə.
Camalını bir tutqunluq sardı yenə,
Görünmədi, yoxsa onu örtdü duman?
Gah gizlənir, gah da çıxır buludlardan.
Seyr edirəm, görmədiyim cəlalını,
Qəlb donduran soyuqdanmı küsmüş həyat!
Savalanın qarı qat-qat, dərdi qat-qat,
O gözləyir qardaşının vüsalını,
Seyr edirəm, görmədiyim cəlalını.
Dağ olsan da dözməyirsən bu dərdə sən,
De, Savalan, mən bu dərdə neçə dözüm?
Nə müddətdir baxır sənə həsrət gözüm,
Saralıram qardaşımın firqətindən,
Dağ olsan da dözməyirsən bu dərdə sən.
Sənin başın ağarıbdır, mənim saçım,
Ayrılığın meyvəsidir bu qəm-qubar.
Deyirlər ki, dərdli olan dərdi duyar:
Gəl, Savalan, ürəyimi sənə açım,
Sənin başın ağarıbdır, mənim saçım.
Dağlar, düzlər sanki ovcum içindədir,
Əl uzatsam, o sahilə çatar, baxın.
Torpaq doğma, yerlər tanış, mənzil yaxın,
Bəs aranı xəncər kimi kəsən nədir?
Dağlar, düzlər sanki ovcum içindədir.
Öz yurduna uzaqlardan baxan oldum!
Əlim çatmır, ünüm yetmir indi sənə.
Araz boyu dolaşdıqca dönə-dönə
O sahili küləklərdən xəbər aldım,
Öz yurduna uzaqlardan baxan oldum!
… Savalanın zirvəsində qar görürəm,
Yellər əsir soyuq-soyuq, sərin-sərin,
Köhnə qardan tar bağlamış o yerlərin
İlk bahara ehtiyacı var, görürəm,
Savalanın zirvəsində qar görürəm.
1959
“Yağışdan qorxuram…”
Yağışdan qorxuram,
Güclü yağışdan…
Göylər kiprik çalıb ağlamamışdan
Qorxudur yağacaq leysanlar məni.
Yox, yox, qınamasın insanlar məni.
Sönməkdən qorxuram,
Sönmək yamandı!
Bir ovuc boz külə dönmək yamandı…
Lalədən rəng alan parlaq közəm mən,
Nəfəsi atəşli, odlu sözəm mən,
Alışan tonqalam, yanan tonqalam,
İstərəm ömürlük bu sayaq qalam, —
Onunçün qorxuram güclü yağışdan…
Bir də ki, buz rəngli soyuq baxışdan.
Ah, soyuq baxışlar,
Soyuq baxışlar!
Sizdən gileyim var, şikayətim var.
Uçmaq istəmişəm – endiribsiniz,
Yanmaq istəmişəm – söndürübsünüz,
Dinmək istəmişəm –susdurubsunuz,
Siz məni öldürüb, basdırıbsınız
Sözsüz, hərəkətsiz –
Soyuq baxışla!
Təmiz bir duyğuyla, saf anlayışla
Günəş hərarətli gözə dönmüşəm,
Lakin sizi görcək buza dönmuşəm.
İçimdə boğulub qalıbdır səsim,
Sönübdür alışmaq, yanmaq həvəsim.
Onunçün qorxuram soyuq baxışdan.
Yağışdan qorxuram…
Güclü yağışdan!
1969