rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

OXŞA MƏNİ

“Könül dəftərim” – silsiləsindən

Dərdə, sərə boyanmışam,
Kül olmuşam, lap yanmışam.
Boynu bükük dayanmışam,
Dön gəl, özün oxşa məni.

Dünya sərxoş, dünya yatıb,
Dərd yükünü mənə çatıb.
Doğmalar da məni atıb,
Dön gəl, özün oxşa məni.

Zindan kimi, zülmət otaq,
Buz kimidir sənsiz yataq.
Dön, fələyə meydan açaq,
Dön gəl, özün oxşa məni.

Gör haradan əsir yellər?
Xəndan olub qızıl güllər.
İnlər “Yanıq Sazda” tellər,
Dön gəl, özün oxşa məni.

Olammazsan bunca zalım,
Düşün, sənsiz necə qalım?
Dön yanıma, qadan alım,
Dön gəl, özün oxşa məni.

Dövran tutsun gül əlindən,
Keçək həsrət, qəm selindən.
Seçilməyək “bəy- gəlindən”,
Dön gəl, özün oxşa məni…

MÜBARİZ DOĞULMUŞAM

Yenə dərdlər qövr edir,
Qüssə, kədər qəlb didir.
Fərəh, sevinc gen gedir,
Saralmışam, solmuşam.

Qayda budur əzəldən
Qaçmaq olmaz əcəldən.
Xoş günlər çıxıb əldən,
Bulud kimi dolmuşam.

Bəxt, tale qurub tuzaq,
Düşmüşəm eldən uzaq.
Zaman qanlı yalquzaq,
Tənha, naçar qalmışam.

Fələk meydan sulayır,
Ac qurd kimi ulayır.
Mən susmuşam, o sayır,
Suçsuz şikar olmuşam.

Torpaq- vətən, həm anam,
Ona layıq Dövranam.
Gərək məğrur dayanam,
Mübarız doğulmuşam…