“Gənc istedadlara yaşıl işıq” layihəsi çərçivəsində

Canım qardaşım

Şeirlərim həsr olunur sənə, əziz qardaşım,
Yoxdur mənim də artıq mənə sadiq yoldaşım.
Kaş olaydın yanımda əziz dostum, sirdaşım,
Kaş bitəydi bu həsrət, solmayaydı arzular…

Gəzdiyimiz o yerlər mənə necə, əzizdi,
Uşaqliğın illəri caf su kimi təmizdi,
Günəş kimi, ay kimi ömür də əvəzsizdi,
Kaş bitəydi bu həsrət, solmayaydı arzular…

Nisgilindən qəm çökdü günlərimə, qayıt gəl,
Ayrılığın zindandı illərimə, qayıt gəl.
Özün itir bu dərdi, özün ovut, qayıt gəl,
Kaş bitəydi bu həsrət, solmayaydı arzular…

Gün gələr

Son sözün fikrini bəyan eylədi,
Yazırsan həyatım bir başqasıdı.
Gedirsən, könlündə bilmirəm kim var,
Mənim könlümdəki eşq yarasıdı.

Sevgimi qatıram bil sətirlərə,
Sənə həsrətimi qələm anladar.
Mənim intizarla yol gözlədiyim,
Gün gələr səni də kimsə aldadar.

İtib sənsizliyin dalğalarında,
Çırpındım, can atdım sahilə sarı.
Sən isə boğuldun yalanlarında,
Sındı buz sevginin buz qanadları…

Nifrətim

Şəklini çəkirəm xatirələrdə,
Nifrətim bir rəngi seçır sadəcə.
Eybəcər görünür çəkdiyim şəkil,
Yaman üzülürəm səni görüncə.

Amansız küləklər səni soldurub,
Can verə bilmərəm istəsəm belə.
Bu qədər vəfasız olardınmı sən,
Məni niyə saldın dillərdən dilə?

Nifrətim oxşayır ipək telini,
Qara rəng nə yaman yaraşır sənə.
Sənli günlərimdən, sənli dünyamdan,
Bir şəkil yadigar qalacaq mənə.