abdullamuellim

Vüsalın sevinci-parlaq ulduzum,
Ulduzu buludlar örtərmiş,gülüm.
Səndən uzaqlarda sənə tamarzı,
Günlərim həsrətlə ötərmiş,gülüm.

Səndən uzaqlarda həsrətə yeməm,
Köksüm paralanır hey dağım-dağım.
Səndən uzaqlarda yüz yol sən demə,
Məni öldürürmüş ayrılıq dağı.

Səndən uzaqlarda iti həsrətim
Gecələr bıçaq tək bağrımı dəlir.
Gündüzlər zənn etmə itir həsrətim,
Ahıma qoşulub göyə yüksəlir.

Səndən uzaqlarda əlim üşüyür,
Gözlərim üşüyür yol çəkə-çəkə.
Ağzımda söz donur,dilim üşüyür,
Ürəyim üşüyür dərd çəkə-çəkə.

Səndən uzaqlarda yağışlar yağır,
Sənli sənsizliyə yağır ox kimi.
Sənsiz sənin üçün ürəyim axır,
Nə qədər gözləyim gözü tox kimi?!

Səndən uzaqlarda göz önümdə sən,
Nə qədər danışım ürəklə,gözəl?!
Göz dağı çəkdiyingöz önümdəsən,
Məni sevməsən də ürəklə,gözəl.

Səndən uzaqlarda qüssə hasarım,
Səndən uzaqlarda möhnət dağımmış.
Ahımla üz tutdum dağlara sarı,
Sən demə dağlar da dağım-dağımmış.

Səndən uzaqlarda sənə tamarzı,
Günlərim həsrətlə ötərmiş,gülüm.
Vüsalın sevinci-parlaq ulduzum,
Ulduzu buludlar örtərmiş,gülüm.

Azərbaycan.Quba.
20.11.1989.