em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

DİVANİ

Ürəyimdə yuva salıb Qarabağın həsrəti,
Azalmayır bu sevginin dərdi-qəmi, möhnəti,
Can evimdə qara yellər indi cövlan eyləyir,
İstəmirəm belə ömrü, bu bəxti, bu qisməti.

Qürbət eldə əllərimi üzmüşəm bu dünyadan,
Hiyə bizi ağlar qoydu, axı bizi Yaradan,
Vaxt ötüşür, zaman ötür, illər keçir aradan,
El-obamın sındı beli, hədər getdi zəhməti.

Qaçqın olduq, köçkün olduq doğma yurddan, obadan,
Qan qoxusu çəkilməyib, hələ də bu havadan,
Bəhrələndi qarı düşmən bu savaşdan, davadan,
Başbilənlər hey uzadır danışığı, söhbəri.

Satan satdı, alan aldı, selə döndü göz yaşı,
Olmadı heç bu millətin nə dostu, nə qardaşı.
Əldən verdik o cənnəti- o torpağı, o daşı.
Dərin imiş düşmənlərin bizə olan nifrəti.

Yumruq kimi birləşmədik , yağı aldı torpağı,
Əsir düşdüı Cıdır düzü, Koroğlunun oylağı,
Bayquşlara məskən oldu, bülbüllərin gül bağı,
Əziz Musa bir nərə çək, oyat xalqı, milləti.

GÖZƏLDİ

Alım qadasını bu can alanın,
Püstə dodaqları şəkərdi, baldı,
Aləm camalına heyran olanın,
Gözləri aladı, yanağı aldı.

Könlümə od salıb ceyran baxışı,
Günəşdi camalı, aydı o qaşı,
Dünyanın ən gözəl, incə naxışı,
Bir dəfə baxmaqla canımı aldı.

Tanrım dərgahına alqış, min alqış,
Sevgi nə yaş bilir, nə qar, nə yağış,
İşvəsi, nazıyla bu canı yanmış,
Qəlbimi, ruhumu odlara saldı.

Nə gözəl yaradıb tanrı bu canı,
Necə verməyəsən canana canı,
Məcnuna döndərdi Əziz Musanı,
Köçüb ürəyimdə əbədi qaldı.