Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
SÖYLƏ EVLƏNİRƏM
Bir az gec evlənən ailə dostumuza zarafatyana
Gəzirdin asudə, azad, firəvan,
Yeməzdin yeməyi sən yağsız,yavan.
Sanırdın qalassan hər zaman cavan?
Nə oldu subaylıq çıxdı əlindən?-
Söylə evlənirəm, duyaq dilindən.
Gülürdün hər sadiq, evli kişiyə,
Sığmırdın heç zaman evə, eşiyə.
Bu gündən dönəssən, vallah pişiyə,
Əziz dost, subaylıq çıxdı əlindən-
Söylə evlənirəm, duyaq dilindən.
Necə oldu düşdün tələyə, tora?
Deyirdin mən hara, evlənmək hara.
Bax belə uyarsan nazlı nigara,
Əziz dost, subaylıq çıxdı əlindən-
Söylə evlənirəm, duyaq dilindən.
Hərdən bir ad ilə çıxardın evdən,
Özünü çox üstün tutardın bizdən.
Indi icazəni verəcək zövcən,
Əziz dost, subaylıq çıxdı əlindən-
Söylə evlənirəm, duyaq dilindən.
Asudə gəzməyi yadından çıxart,
Özü yıxılana yaraşmaz imdad.
Bu nikah kitabçan, bu da ki,arvad,
Əziz dost, subaylıq çıxdı əlindən-
Söylə evlənirəm, duyaq dilindən.
Gözü aydin olsun ata, ananın,
Allah sağlam etsin onların canın.
Bu toyu onlara mükafat sanın,
Əziz dost,subaylıq çıxdı əlindən-
Söylə evlənirəm, duyaq dilindən.
Coşub dostlarının təbi, ilhamı,
Təbrikə gəlibdir dost, tanış, hamı.
Dur yandır, qardaşım- xoşbəxtlik şamı,
Əziz dost, subaylıq çıxdı əlindən-
Söylə evlənlrəm, duyaq dilindən.
Ən ülvi sözləri sevib, seçərək,
Ən layiq təriflər söyləyək gərək.
Deyirik əziz dost, toyun mübarək!-
Əziz dost, subaylıq çıxdı əlindən-
Söylə evlənirəm, öpək dilindən.
KÖNÜL GÖYÇƏYİM
"Könül dəftərim" – silsiləsindən
Qönçə çiçəksən,
Zərif ləçəksən.
Ballı pətəksən,
Könül göyçəyim.
Sürməli gözlər,
Işvəli sözlər.
Kimi əzizlər?
Könül göyçəyim.
Ağlımı aldın,
Çöllərə saldın.
Leylimi adın?
Könül göyçəyim.
Olmuşam heyran,
Ey nazlı ceyran.
Qəlb sənə seyran,
Könül göyçəyim.
Aralı gəzmə,
Gizlicə süzmə.
Dövranı üzmə,
Könül göyçəyim…