ehe

HARDAN GİRİM QOLUNA

Gözlərimdə gülür dan,
Yarı ruham,yarı can.
Hər qəribin ahından,-
Bir sözsüz qəzəl çıxır.

Heykəlidir qu eşqin,
Gözümdəki su eşqin.
Arasında bu eşqin,-
Gül solub,xəzəl çıxır.

Keçirəm sağ-soluna,
Hardan girim qoluna?
Sevənlərin yoluna,-
Ayrılıq gözəl çıxır.

HAVAYIDIR XƏRCLƏDİYİN XATİRƏM

Havayıdır xərclədiyin xatirəm,
Könlümdə bir güman yeri saxla,get.
Aramızda baxışını çıraq qoy,
Gözlərimi kirpiyinlə bağla,get.

Bu qürbətdə hər ağacın barı yox,
Qırov tutan gül üstündə arı yox.
Dumanı yox,çovğunu yox,qarı yox,
Yaxşı olar,sinəmdəki dağla get.

Eşələmə,o qaralan külümdür,
Kül altında köz olmaq da zülümdür.
Bundan belə ayrılıqdır,ölümdür,
Ürəyini boşalt biraz ağla,get.

BU YERDƏ AYRILSAQ,YERİNƏ DÜŞƏR

Bir sevda bağlayıb şoran sinəmdə,
Kimdir ürəyimi yoran sinəmdə?
Məlhəm də götürmür yaram sinəmdə,
Qorxuram əl vursan,dərinə düşər.

Nəzir elədiyim ocaqsan,pirsən,
Yalandan başına məni çevir sən.
Elə divanəsən,elə sevirsən,
Kim görsə,bu eşqin şərinə düşər.

Dönübdür yenilməz qoşuna hicran,
Gəlmir ki tələyə,qurşuna hicran.
Çəkilməz belə öz xoşuna hicran,
Bu yerdə ayrılsaq,yerinə düşər.