Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları ilə bağlı tənqidi fikirlərə münasibət bildirib.
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub.

“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Qaydalar layihəsi təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək. Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək.

Məlumdur ki, son günlər “Azərbaycan dilinin orfoqrafiya qaydaları” mətbuatda müzakirə olunur. Bu qaydaların mübahisəyə səbəb olması gözləniləndir. Yeni orfoqrafiya qaydaları mütəxəssislər tərəfindən qəbul edilib. Mətbuatda gedən müzakirələr Dilçilik İnstitutunun diqqətindədir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları təkmilləşəcək.

Yeni orfoqrafiya qaydalarında çox söz dəyişməyəcək. Mətbuatda gedən məlumatlarda qeyri-dəqiqlik, qeyri-elmlik var. Qaydalarda yalnız söz əvvəlində və söz sonunda qoşa “ss” və -iyyat, -iyyət, -iyyə şəkilçilərnin tərkibindəki “yy” samitlərindən birinin düşməsi təklif olunub.
Orfoqrafiya lüğətinin 2013-cü il nəşrində qondarma sözlər var. Yeni lüğət daha təkmil formada çap olunacaq.
Hələ bu məsələ təsdiq olunmayıb, layihə şəklində müzakirə olunur. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra “Orfoqrafiya” lüğətinin VII nəşri işıq üzü görəcək.

Mənbə: http://dilcilik.az