Yunus Oğuz: “Həm Mingəçevir İES-də baş verən hadisə, həm Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı silahlı hücum, həm də bu şəhərdə olan son hadisələr bir zəncirin həlqələridir”
Artıq Gəncədə hadisələr öz məcrasına dönüb həyat normal axarla davam etsə də, bu şəhərin timsalında Azərbaycanda xaos, anarxiya yaratmaq istəyənlərin başlıca məqsədlərinin nədən ibarət olması barədə hələ də müzakirələr, təhlillər aparılır. Xüsusilə, bir qrup şəxsin din pərdəsi adı altında etiraz bildirməsi belə bir rəy formalaşdırıb ki, bu hadisələrdə din faktoru var və əsas məqsəd Azərbaycanda mövcud olan dini dözümlülük, tolerantlıq barədə mənfi rəy formalaşdırmaq, ölkəni gözdən salmaqdır. Elə yazıçı-publisist, “OLAYLAR” İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz da bu qənaətdədir.
-Məlum olduğu kimi 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ildə isə “İslam Hərməyliyi İli” elan olunub. 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikası İslam Mədəniyyətinin paytaxtı elan edilib. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyidir və biz bunu geniş, möhtəşəm şəkildə qeyd etdik. Bir dövlətin 100 illiyini qeyd etmək sıradan bir hadisə deyil və hər dövlət özünün 100 illiyini qeyd edə bilmir. Ona görə də Cümhuriyyəti də gözü götürməyənlər var. Həm bu amil, həm də 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, ölkədə multikulturalizm və dini dözümlülüyün geniş təbliğ edilməsi təbii ki, bir çoxlarını qane etmirdi. Bütün bunların hamısına diqqət etdikdə, analiz aparanda görürsən ki, baş verən son hadisələr məhz yuxarıda qeyd etdiyimiz amillərə zərbə vurmaq, kölgə salmaq üçün hesablanmış çeylərdir.
-Baş verən hadisələr bir sıra elektron KİV-lər, xüsusilə xarici dairələrin qrantları hesabına fəaliyyət göstərən saytlarda tamamilə fərqli formada təqdim edildi. Belə ki, Nuraz.com , Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com, Ru-clip.ru və s. bu kimi saytlarda açıq şəkildə Azərbaycana qarşı kampaniya aparılması müşahidə edildi. Sizcə həmin saytların fəaliyyətində, onların Azərbaycana qarşı kampaniya aparmasında xarici dairələrin rolu nə dərəcədədir?
-Təbii, baş verən proseslər və ona bəzi elektron KİV-lərdə olan münasibət belə bir fikir formalaşdırır ki, xaricdə xüsusi olaraq yaradılan saytlar var ki, onların əsas fəaliyyəti Azərbaycana qarşı kampaniya aparmaqdır. Azərbaycan adı, yaxud hansısa bir azərbaycanlının adı ilə qeydiyyatdan keçirilir. Yaxud Azərbaycandan gedib xarici ölkələrdə yaşamağı üstün tutan bəziləri öz adlarına 4-5 sayt qeydiyyata keçirirlər və pul, maddi yardım qarşılığında həmin xarici qüvvələrlə işləməyə başlayırlar. Təbii ki, onlar Vətəni satıb, onu atıb getdikləri üçün ölkəmizə qarşı da bütün fəaliyyətlərdə iştirak etməyi qəbul edirlər. Nəticə etibarilə Azərbaycanı gözdən salmaq prosesi gedir. Bu fəaliyyətdə ondan ibarətdir ki, guya Azərbaycanda dini tolerantlıq qorunmur, “İslam Həmrəyliyi İli” boş şeydir, ölkədə dini radikalizm var. Bununla da Cümhuriyyəti, dövləti gözdən salmağa çalışırlar. Xüsusilə də, bu kimi fəaliyyətlərlə xarici turistlərin Azərbaycana gəlməsi, burada asudə vaxt keçirmələrinə mane olmağa cəhd göstərirlər. Çünki ildən-ilə xarici turistlərin Azərbaycana axını artır. Əvəllər turistlər ancaq Bakıya gəlirdilərsə, artıq onlar regionlara, bölgələrə də üz tuturlar. Həmçinin mühüm beynəlxalq tədbirlərin bölgələrdə keçirilməsi də Azərbaycana olan marağı artırır. Məsələn, Şəkidə, Gəncədə, Qəbələdə, Naxçıvanın özündə belə mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlər keçirilir ki, nəticə etibarilə ölkəmizə səfər etmək arzusunda olanların sayı çoxalır. Çünki insanlar Azərbaycana gəldikdə burada sabitlik, stabillik görürlər. Təbii ki, bütün bunların hamısı qıcıq yaradır ki, Azərbaycanı tutduğu yoldan yayındırsınlar. Hətta həmin qüvvələr ermənilərin də köməkliyi ilə bu istiqamətdə işləyirlər. Məlumdur ki, hazırda Dağlıq Qarabağ problemi ciddi gündəmdədir. Ötən gün Brüsseldə, Avropa İttifaqı ilə Dağlıq Qarabağ problemi barədə memorandum imzalandı. Bu gün Azərbaycan artıq həm siyasi və iqtisadi, həm də hərbi cəhətdən regionun ən nüfuzlu, güclü dövlətinə çevrilib. Bunun qarşısını almaq üçünsə ölkədə iğtişaşlar yaratmaq, təxribat törətmək, silahlı hücumlar təşkil etmək, polis zabitlərimizi qətlə yetirmək kimi ssenarilər hazırlanıb. Baş verən hadisələrə diqqət etdikdə ortaya maraqlı sual çıxır. Niyə məhz iki yüksək rütbəli zabit qətlə yetirildi. Zabitlərdən öndə təbii ki, sıravi polis əməkdaşları, serjantlar da olub. Təbii ki, mən onların da qətlə yetirilməsinin tərəfdarı deyiləm. Fakt odur ki. qətl, terror məhz polis zabitlərinə doğru tuşlanmışdı və bununla da belə fikir yatatmaq istəyirdilər ki, Azərbaycan dövləti zabitini belə qoruya bilmir. Əslində isə dövlət yenə də dözümlülük göstərdi. Çünki xaos, anarxiya yaratmaq istəyənlərin qarşısına polislər silahla da çıxa bilərdirlər. Baxmayaraq ki, Daxili Qoşunların da əməkdaşları Gəncədə idi. Amma polis öz xalqına, öz soydaşına qarşı silah işlətməyəcəkdi ki. Onlar da bundan istifadə etdilər. Düşünürəm ki, bu terror aktı uzun müddət hazırlanan bir ssenari idi və o da iflasa uğradı. Fakt odur ki, Azərbaycan xalqı sabitlik istəyir. Azərbaycan xalqı gözəl bilir ki, istənilən halda başıpozuqluq xaos yradacaq, ölkə Liviya, Tunis, Suriyanın vəziyyətinə düşəcək. Bu gün Suriyada, Tunisdə demək olar ki, adam qalmayıb və onlar xaos, anarxiyadan başlarınıə götürüb qaçırlar. Azərbaycanda da bunu etməklə müəyyən qüvvələr istəyirdilər ki, təzyiq vasitəsilə bizdən müəyyən pay alsınlar. Xüsusilə, qaz payı əldə etsinlər və istənilən qərarı zorla bizə diqtə etsinlər. Ancaq Azərbaycan dövləti hır zaman olduğu kimi bu dəfə də özü söz sahibi oldu, sözünü dedi. Düşünürəm ki, düzgün addım atılıb və xaos, anarxiya yaratmaq istəyənlər zərərsizləşdirilib. Bundan sonra istənilən bu kimi cəhdin qarşısı qətiyyətlə alınmalıdır. Əsas odur ki, Azərbaycan xalqı xaos, anarxiya, vətəndaş müharibəsi istəmir.
-Son proseslərə diqqət etsək, belə qənaətə gəlmək olarmı ki, bir neçə gün əvvəl enerji sistemində baş vermiş məlum hadisə də əslində əvvəlcədən hazırlanmış təxribatların tərkib hissəsi idi?
-Hesab edirəm ki, həm Mingəçevir İES-də baş verən hadisə, həm Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı silahlı hücum, həm də bu şəhərdə olan son hadisələr bir zəncirin həlqələridir. Yəni bütün bunlar qabaqcadan hazırlanmışdı. Düşünmürəm ki, Mingəçevir İES-də baş verənlər təsadüfi idi. Yaxud düşünmürəm ki, Gəncədə bir-birinin ardınca cərəyan edən proseslər təsadüfən oldu.
-Bəs, Azərbaycana qarşı kampaniya aparan həmin saytlara qarşı hansı addımlar atılmalıdır?
-Hesab edirəm ki, Azərbaycana qarşı kampaniya aparan həmin saytlar müəyyən edilməli, onların hansı ölkədə fəaliyyət göstərdiyi dəqiqləşdirilərək həmin ölkələrə də nota verilməlidir. Xarici İşlər Nazirliyi də bu sahədə digər qurumlarla bərabər ciddi işləməlidir. Fərq etməz, istər Avropa ölkələri. Istər şimal və ya cənub qonşumuz olsun, müəyyən edilib onlara nota verilməlidir. Əgər Ermənistanda oturub Azərbaycan adı ilə saytlar işlədirlərsə bu daha pis.
-Yunus bəy, bu kimi hallarda bir sıra ölkələrdə sosial şəbəkələrə məhdudiyyət qoyulur. Bizdə də bunu tətbiq etmək mümkündürmü?
-Əslində bizdə də həmin məhdudiyyət var. Yaxud facebbok, tvitterə şikayət edildikdə onların fəaliyyəti bloklanır. Hesab edirəm ki, bunu etmək lazımdır və təxribatların qarşısını almaq lazımdır. Məgər biz öz KİV-lərimiz, saytlarımız vasitəsilə hansısa ölkəyə qarşı təxribat həyata keçiririk?
-Bəs onların cəmiyyətə təsir gücü nə dərəcədədir?
-Əslində onların cəmiyyətə təsir gücünü gördünüz. Fakt odur ki, Azərbaycanda 30-40 nəfərlik mütəşəkkil cinayətkar dəstəyə heç kim dəstək vermədi. Yaxud Mingəçevir İES-də baş verən qəza zamanı kim ayağa qalxdı. Təbii ki, heç kim. Baxmayaraq bəzi ərazilərdə insanlar 2 gün qaranlıqda qaldı. Dövlətimizin inkişafı, sabitlik üçün 5 gün də qaranlıqda qalmaq olar. Əsas odur ki, Azərbaycan əhalisi bütövlükdə xaos istəmir. Əksinə sabitlik, dövlətinin inkişafını istəyir.
Süleyman
Mənbə: https://olaylar.az