Siz elə kimsəylə oturub, durun,
Könlünüz nə desə yetirsin sizə.
Bir əli daş-qaşla oynasın onun,
Bir əli gül-çiçək bitirsin sizə.

Xidmətmi gərəkdir?
Hər xidmət hazır.
Burda beçə balı, orda ət hazır.
Mənzil istəsəniz, imarət hazır,
Günəşi ovcunda gətirsin sizə.

Hüseyn Arifin bir ərzi də var,
Çoxdankı çoxları çox şey arzular.
Sevəndə katibi sevin, a qızlar,
Şairin nəyi var, nə versin sizə?!