Yenə unutmadım səni,
Yada saldım ay mama oğlu.
Abad olmuş evinizdə,
Qonaq oldum ay mama oğlu.
Bu kəndin ayaz-boranı,
Bürüyüb dağı-aranı,
Qapınızda mal-qaranı,
Dama saldım ay mama oğlu.
Çıxıbdı bu kəndin adı,
Damağımda qalıb dadı,
Çörək-su verən olmadı,
Özüm aldım ay mama oğlu.
Evinizdə qonağıq biz,
Axşama tək gözlədik düz,
Gördüm soyumuş südünüz,
Qatıq çaldım ay mama oğlu.
Qışın bu ayaz günündə,
Kəsmədiniz iki kündə,
Muğanlıda bircə gündə,
Lap qocaldım ay mama oğlu.