Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Allah, xoşbəxt olsun dünyada hamı,
Bir xoş təbəssümü üzdən ayırma,
Sən vaxtsız söndürmə yanan bir şamı,
Düz yolu , cığırı, izdən ayırma.
Bəzə məhəbbətlə hər bir ürəyi,
Boynu bükük qoyma gülü, çiçəyi,
Gül açsın hər kəsin arzu, diləyi,
Sən nuru, işığı, gözdən ayırma,
Sevinc qanad açsın , gəzsin hər yanı,
Xoş sözlər bəzəsin bütün dünyanı,
Nəğmələr bəzəsin eli, obanı,
Qələmi, kağızı, sözdən ayırma.
Sevib, sevilirik əzəldən bəri,
Bizdən uzaq eylə hər dərdi, səri,
Dağın dağ yeri var, düzün düz yeri,
Ceyranı, cüyürü, düzdən ayırma.
Söylə Əziz Musa, gülsün hər sabah,
Nə göz yaşı olsun, nə qəm, nə də ah,
Sülh olsun dünyada ey böyük Allah,
Qohumu, qardaşı, bizdən ayırma.