Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri
Dünən gözəl bir haldaydım,
Bu gün o hala qar yağıb.
Həyat necə də acıymış,
Şəkərə, bala qar yağıb.
Bir nöqtədə cəm olmuşdum,
Elə şad-xürrəm olmuşdum,
Sevincimdən dəm olmuşdum,
Gör necə əla qar yağıb.
Verim bu dərdi neçəyə,
Ağrıdım üzü gecəyə,
Qaldığım evə, küçəyə,
Getdiyim yola qar yağıb.
Münəccimlər gətirdi bəd,
Titrədi diz, büküldü qədd.
Uçmaz dediyim o məbəd,
Uçdu o qala… qar yağıb.
Üz çevirib getdi hamı,
Tərk etmədim heç inamı,
Yuxuda gördüm anamı,
Söylədi: bala, qar yağıb…
Yazma, mənə bu günahı,
Bitir, dilimdəki ahı,
Dön bir mənə bax, İlahi,
Gör ki, bu qula qar yağıb.
Adilə Nəzər 21.12.2019