Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd etdi. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlamışdır.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Udmurt Milli Kitabxanasında 2020-ci ildə Azərbaycan güşəsinin yaradılması planlaşdırılır.
Bununla əlaqədar, Yasamal rayon MKS-i Udmurt Milli Kitabxanasına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, milli adət-ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ulu öndər Heydər Əliyev həsr olunmuş kitablar, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət haqqında, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən zəngin kitab kolleksiyası toplanmışdır. Kolleksiyaya həmçinin uşaq ədəbiyyatı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunmuş “Dünya ədəbiyyatı kitabxanası” seriyasından da maraqlı kitablar daxil edilib.
Yaxın zamanlarda Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə 80 adda 102 kitab Udmurt Milli Kitabxanasına göndəriləcək.