17-21 dekabr tarixlərində Bakıda “Türk filmləri həftəsi” keçirilir. Layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.
Dekabrın 17-də Nizami Kino Mərkəzində “Türk filmləri həftəsi”nin açılışı olub.
Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, mədəniyyət, incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.
Açılış nitqi söyləyən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövründə daim bir-birinə dəstək olublar. Bu dəstək müasir dövrümüzdə də davam edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə ölkəmiz arasında bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük inkişaf baş verib. Kino sahəsində də Azərbaycanla Türkiyə arasında əməkdaşlıq uğurla davam və inkişaf etdirilir. Buna misal olaraq hər iki ölkədə keçirilən kino günlərini, film təqdimatlarını, tanınmış kino xadimləri ilə görüşləri və s. göstərmək olar. İki qardaş ölkə arasında kino sahəsindəki əməkdaşlığın davamı olaraq Bakıda növbəti “Türk filmləri həftəsi”nin açılışı keçirilir. İnanıram ki, film həftəsi çərçivəsində nümayiş olunacaq ekran əsərləri Azərbaycan tamaşaçıları tərəfindən həmişə olduğu kimi, yenə də böyük maraq və sevgi ilə qarşılanacaq”.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxışına Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə başladı. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir döyünən eyni millətdir: “Qarabağda 30 il əvvəl baş verən hadisələr Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük kədərlə qarşılanırdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə isə bizlərə böyük sevinc hissi bəxş etdi”.
Ahmet Misbah Demircan çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Yerli Düşüncə Dərnəyinin sədri, türkiyəli deputat Metin Gündoğdu və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxış edərək layihə haqqında məlumat veriblər.
Vurğulanıb ki, beş gün davam edəcək layihə çərçivəsində film nümayişləri ilə yanaşı, rejissor Semih Kaplanoğlu ustad dərsi keçəcək, yerli kinematoqrafçılarla görüşəcək.
Layihənin proqramına əsasən, “Sədaqət Həsən”, “Yeddinci kameradakı möcüzə”, “Yaxşı ki varsan, Ərən”, “Sədaqət – müqəddəs döyüş”, “Eşqin ömrü”, “Ankara yayı – vida məktubu” və “Rafadan tayfa – Göbəklitəpə” (cizgi filmi) ekran əsərləri nümayiş etdiriləcək. Seanslara giriş pulsuz olacaq.
Bundan əlavə, türkiyəli rejissorlar Tunç Davut, Murat Şeker, Mustafa Kara, prodüserlər Hacı Mehmet Altınal, Qalip Güner, aktyorlar İpek Tuzcuoğlu, Umut Karadağ və Fatih Osmanlı kino həftəsi çərçivəsində Bakıda müvafiq sahə üzrə tələbələrlə, kino xadimləri ilə görüşəcək, birgə layihələrlə bağlı müzakirələr aparılacaq.
Daha sonra türkiyəli kinematoqrafçılar və film həftəsinə dəstək olan qurumların nümayəndələrinə plaketlər təqdim olunub.
Sonda rejissor Semih Kaplanoğlunun “Sədaqət Həsən” filmi nümayiş etdirilib.
Qeyd edək ki, layihə türk filmlərini ölkəmizdə nümayiş etdirməklə bərabər, Türkiyə və Azərbaycanın kino sektorunun nümayəndələrini bir araya gətirmək, müştərək ekran əsərləri yaratmaq və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.
Mənbə: https://culture.gov.az/