Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamına əsasən layihəsi hazırlanan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” ilə bağlı müzakirələr davam etdirilir.

Konsepsiyanın hazırlanması ilə əlaqədar yaradılmış, tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupunun aprelin 17-də Nizami Kino Mərkəzində növbəti toplantısı keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İşçi Qrupunun üzvləri ilə yanaşı, ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı müəssisələri və müstəqil kino mütəxəssisləri də iştirak ediblər.

Qeyd edək ki, bugünədək təşkil edilən müzakirələrdə “Azərbaycanfilm”, “Narimanfilm”, “Salnaməfilm”, Bakı Media Mərkəzi, “Ultra production”, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi və s. dövlət və özəl kino müəssisələrinin, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların, eləcə də müstəqil kino mütəxəssislərinin təklifləri dinlənilib, Azərbaycanda bu sahədəki mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, sahənin inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az