Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr etdiyi “Ovçu” romanı Daşkənddə özbək dilinə tərcümə olunub.
Kitabın Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulur. “Ovçu” romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib.
Yazıçı romanda tarixə nəzər salıb, Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyinə səbəb olan, xalqımızın qəhrəmanlıq və zəfər tarixinin şanlı səhifələrindən olan Aprel döyüşlərini öz əsərində əks etdirib.
Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olan bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.
Qeyd edək ki, “Ovçu” romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır.
Mənbə: azertag.az