Aprelin 18-19-da Azərbaycan Bəstəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı keçiriləcək.
AZƏRTAC Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinə istinadla xəbər verir ki, ikigünlük konfransda respublikanın tanınmış musiqişünaslarının Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində çoxşaxəli təcəssümü ilə bağlı tədqiqatlarının yer aldığı 10 məruzə təqdim ediləcək.
Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözü ilə çıxış edəcək. Tədbirin birinci günündə sənətşünaslıq doktoru, professor Cəmilə Həsənovanın (“Azərbaycan musiqisində Nəsimi mövzusu”), Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın (“Bəstəkarlar İttifaqının Nəsimiyə həsr olunmuş yeni layihəsi”), sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Abdullayevanın (“Tofiq Quliyevin “Nəsimi” kinofilminə musiqisi”), Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyevanın (“Nəsimi və musiqi: Firəngiz Əlizadənin “Nəsimi-Passion”u”) musiqişünas Raya Abbasovanın (“İki romans – Cəlal Abbasovun Nəsiminin sözlərinə qəzəlləri”) məruzələri təqdim olunacaq.
Konfransın ikinci günündə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı (“Fikrət Əmirov yaradıcılığında Nəsimi obrazı”), Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva (“Azərbaycan bəstəkarlarının Nəsimiyə həsr olunmuş əsərlərində bədiilik”), sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva (“Azər Rzayein “Nəsimi” simfonik poeması haqqında”), Aysel Kərimova (“Azərbaycan bəstəkarlarının vokal yaradıcılığında Nəsimi lirikası”) məruzələrlə çıxış edəcəklər.
Konfransın musiqili hissəsində romanslar ifa ediləcək, böyük Nəsiminin poeziyası əsasında Azərbaycan bəstəkarlarının orkestr əsərlərindən videofraqmentlər göstəriləcək.
Mənbə: azertag.az