Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə Musiqi Festivalı təşkil edib. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində “Qafqazlı qardaşqızı” operettası tamaşası oynanılmış, Heydər Əliyev Sarayında “Bu həyat qədər” adlı estrada-simfonik konsert baş tutub.
“Rauf Hacıyev – 100” Musiqi Festivalı çərçivəsində 15 dekabr 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında estrada konserti keçirildi. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı altında hazırlandı.
Musiqi gecəsi Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun salamlayıcı nitqi ilə açıldı. Öz çıxışında V.Cənnətov Rauf Hacıyevin musiqi irsinin Azərbaycan musiqi mədəniyyətindəki müstəsna rolunu vurğuladı, ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən bu il ərzində Gəncədə R.Hacıyev yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirildiyi haqda söz açdı. Sonra Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva çıxış üçün səhnəyə dəvət aldı və Rauf Hacıyevin fəaliyyətinin ilə yaradıcılığının musiqi mədəniyyətimizdə tutduğu mühüm yeri, bəstəkarın musiqisinin özəl və novator cəhətləri barədə söz açdı. Musiqi gecəsində şəhər sakinləri ilə bahəm jurnalistlər, kütləvi media nümayəndələri və bəstəkarın ailə üzvləri iştirak etdilər.
Musiqi axşamı üçün hazırlanmış proqram Xalq artisti Rafayel Bayramovun idarə etdiyi Kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” Estrada ansamblı tərəfindən hazırlanmışdı. Konsertin iştirakçıları, solistlər – Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, klassik müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin “Sevgilim”, “Mehriban Bakı”, “Saçlarına gül düzüm”, “Leyla”, “Bahar sənsiz”, “Bənövşə”, “Azərbaycanım” və digər mahnı inciləri ilə instrumental kompozisiyalarını ifa etdilər. Proqram çərçivəsində bəstəkarın kamera orkestri üçün “Qızlar rəqsi” adlı miniatürü də ilk dəfə ifa olundu.