.

Bədirə Rza Həsənqızı “Olmayacaq qorxu, təlaş”  şeri ilə Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu.

Xatırladırıq ki, karantin rejimində virtual xidməti davam etdirən Mərkəzi Kitabxana bir-birindən maraqlı ədəbi nümunələri öz oxucularına təqdim edir.

Bildiririk ki, Bədirə Rza Həsənqızı (Niftalıyeva)“Gülüstan” Ədəbi Birliyinin, “Xəzər nəğmələri” Ədəbi Birliyinin, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusudur. Hal-hazırda Neftçala rayon Mərkəzi Kitabxanasında Metodika və biblioqrafiya şöbəsinin  müdiri  vəzifəsində işləyir. Onun ilk  kitabı 2016-cı  ildə çap olunub. “Ömür axarı” adlı ilk  kitabından  sonra 2019-cu ildə “24 yaşın son vidası”, 2020-ci ilin mart ayında  isə “Vətənsevər” kitabları  çap olunmuşdur. Bədirə Rza Həsənqızının şeirləri həmçinin “Turana açılan könüllər”(II və III cildlər), Türkiyədə nəşr edilən  “Qarabağdan Kərkükdən Çanakkalaye”, “Şiir seçkisi” antologiyalarında da çap edilmişdir. Şeir, hekayə və məqalələri “Çümhuriyyətə  işıq  saçan  qadınlar” (2018) toplusunda, “Yurd” jurnalında, “Vedibasar”, “Yenilik”, 525-ci qəzetlərdə çap edilmişdir. “Mustaqıl.az”, “İlkxeber.orq”, “Yazarlar.com” saytlarında məqalələri, hekayələri  verilmişdir.

“Olmayacaq  qorxu,  təlaş!” şeiri ilə gücün  həmrəylikdə, birlikdə olduğunu vurğulayan yazar bu  səssiz imtahandan da qələbə ilə çixacağımıza inanır.

Şeir oxuculara təqdim olunur.

                                          Bədirə Rza Həsənqızı (Niftaliyeva)

Olmayacaq  qorxu,  təlaş!

Dünya  bizim  evimizdir,

Biz  onun  bir  zərrəsiyik.

Ötüb  keçən  səyyah kimi,

Yollarını   sevəsiyik.

Xoş  niyyətli  sabahlara,

Al  şəfəqə  boylanarıq.

Qəfil  qaranlıq  çökərsə –

Biz,  onu  sınaq  sayarıq.

Olmayacaq  qorxu, təlaş,

Körpələrin  gülüşünə.

“Taclı virus” yetə bilməz,

Bax, həmrəylik  yürüşünə!

Məqsədimiz aydın,açıq,

Niyyətimiz gözəllikdir!

Hər  bir  işdə  təmiz olmaq –

Sağlamlıqda   özəllikdir!

Dalğa-dalğa, ilğım-ilğım,

Yarğanları   ötəsiyik.

Sınaq  varsa  el  yolunda –

Birlik  olub keçəsiyik!

“Taclı virus” qəfil  tufan,

Sınayır o Yer üzünü!

Biz, bu səssiz imtahandan

Qoruyarıq  özümüzü!

Həmrəylik– vüqar  səsimiz!

Heç  sınmasın bir  kəsimiz!

Gəlin,dostlar, birlik olaq,

Ucalsın  Vətən səsimiz!

Amin!

                                                                                                        29.03.2020