Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin davamı kimi “Vətənimizə virtual səyahət” layihəsini həyata keçirir. Bugünədək Quba, Bərdə, Xızı, Ucar, Daşkəsən, Samux, Göyçay, Qax rayonlarına və Gəncə şəhərinə virtual səyahətlər təşkil olunmuşdur.
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində növbəti səyahət Tovuz rayonunadır.
Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Ceyhan” neft kəməri , “Bakı-Tbilisi-Ərzurum” qaz kəməri və Böyük İpək Yolu keçir.
Videoçarxda Tovuz haqqında ümumi məlumat verilmiş, izləyicilərə rayonun əsrarəngiz təbəti, möhtəşəm muzeyləri, ziyarətgahları, müasir binaları və parkları ilə bağlı fotolar təqdim olunmuşdur.
Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da yemək növlərinin şəkilləri yerləşdirilib.
Tarixi abidələrdən – Tovuz rayonunun Yanıqlı kəndində Şah Abbasın sifarişi ilə XVI əsrdə memar Şeyx Bahəddin Məhəmməd Amil tərəfindən inşa edilmiş məscid, X əsrdə Axınca çayı üzərində salınmış,qoyun südü və yumurtadan tikilən “Sultan körpüsü”, Əsrik Cırdaxan kəndi ərazisində 100 metr yüksəklikdə yerləşən, təxminən VII-X əsrlərə aid edilən Alban məbədi, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşən, e.ə.V-VI minilliyə aid olan qədim “Göytəpə” yaşayış yeri və s. abidələrin fotolarını izləmək olar.
Videoçarx Bəyim Ağazadənin “Tovuzum mənim” mahnısı ilə müşayiət olunur.
Videoçarx YouTube-də yerləşdirilib:
Hazırlanmış videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.
“Vətənimizə virtual səyahət” adlı layihəsi əsasında Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanmaqda davam edir.