Əli Əmirov (Ələmi) aksiyaya “Ey həkim” qəzəlini təqdim etdi

Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası  davam edir.

 Karantin rejimində kitabxana oxuculara virtual xidmət göstərməkdədir.

Yasamal rayon M.Ş.Vazeh adina Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü Əli Əmirov (Ələmi) dünya gündəmini zəbt edən koronaviris pandemiyasına qarşı mübarizədə fədəkarlıqla insanların həyatını xilas edən mübariz həkimlərə “Ey həkim” qəzəlini həsr edib.

Qəzəli oxuculara təqdim edirik.

                                   EY HƏKİM

Xalqımızın sağlamlığının keşiyində fədakarlıqla
               dayanan həkimlərimizə ithaf
“Eşqdən canımda bir pünhan mərəz var, ey həkim”
(Məhəmməd Füzuli)
—————————————————————-
Xəlqinə can yandıran, şükr eylədim, var, ey həkim!
Yalvarım, Rəhmanımız olsun sənə yar, ey həkim!

Arzu etdik, biz əziz insanlara can sağlığı,
Durmusan sənsə keşikdə, gəlməz azar, ey həkim!

Darə düşmüşsə bu gün birlik gərəkdir xəlqimə,
Əl tutub, əlbir olarsaq olmarıq, xar, ey həkim!

Keçmişə sal bir nəzər, olmuş belə dövran, keçib,
Şəninə bir gün çalarlar ney, kaman, tar, ey həkim!

Ey vətən övladı, sənçün söz deyər əhli qələm,
Az deyil məndən də yüksəkdə xiridar, ey həkim!

Sevdiyim cananımı vəsf etmişəm çox, indi qoy,
Lütfünə aşiqliyim olsun daha car, ey həkim!

Et əlac hər bir kəsə, dərdim mənim sənlik deyil,
Çün Ələmi eşqdən yalnız olur zar, ey həkim!