Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına davamlı olaraq dəstək olan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munisdir.
Şairə karantin rejimində olan insanları daima mütaliəyə çağırır və günlərini daha səmərəli keçirməkləri üçün çalışır. O, “Söylə mənə, ay nənə” adlı yeni şeirini qələmə alaraq uşaqların dünyasından hər kəsə səslənir.
Şeir nənə ilə nəvənin söhbəti ilə başlayır. Yatmağa gedən nəvə nənəyə çoxlu suallar verir. Nəvənin həmçinin verdiyi suallar sırasında hal-hazırda bütün dünyanı maraqlandıran “Hardan gəldi bu bəla? Bizi saldı bu hala?” sualı da yer alır. Sizcə suallar qarşısında çaşqın qalan nənənin balaca nəvəsinə cavabı nə olacaq?
Söylə mənə, ay nənə…
Nəvə gedir yatmağa,
Şirin yuxu tapmağa.
Nənə öpür üzünü,
Söyləyir: “Yum gözünü”.
“Yuxum gəlmir, ay nənə,
Bir sualım var sənə:
Söylə mənə, ay nənə,
Hardan gəldi bu bəla?
Bizi saldı bu hala?
Söylə mənə, ay nənə,
Xəstəliyin yox sonu,
Necə qovlayaq onu?
Söylə mənə, ay nənə,
Bu nə virusdur belə?
Adı da yatmır dilə…
Söylə mənə, ay nənə,
Nədən isinir günəş?
Hardan alır o atəş?
Söylə mənə, ay nənə,
Nədən yaranır duman?
Niyə qocalır insan?
Söylə mənə, ay nənə,
Hara yox oldu baba?
Yetim qaldı el-oba?
Söylə mənə, ay nənə,
Harda dincəlir külək?
Harda yatır kəpənək?”
Nənə çaşıb qalmışdı,
Fikir onu almışdı.
Suallar yetmir sona,
Nə cavab versin ona?
Fikirləşdi bir qədər,
Cavab tapdı bir təhər.
Dedi: “Bağla gözünü,
Allah bilir düzünü”.
Əziz oxucular, şeirin pdf forması rəngarəng və maraqlıdir.
Tanış olmaq üçün aşağıdakı linkə daxil olun:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/766516104.pdf