Bu əhvalat bizim kənddə sovet hakimiyyətinin durğunluq deyilən dövründə baş verib. Kənd camaatı güzəranlarını qismən də olsa, yaxşılaşdırmaq üçün rayon mərkəzindəki mal-qara kökəltmə məntəqəsinə min bir əziyyətlə bəslədikləri iribuynuzlu mal-qaranı təhvil verirdilər. Alacaqları pulu isə aylarla, bəzən isə bir ilə qədər gözləyirdilər. Adamlar rayon mərkəzinə gedib-gəlməkdən bezir, bəzən alacaqlarından bir qədər “şirinlik” verməklə halal qazanclarına mümkün qədər tez sahib olmağa çalışırdılar.
Kəndimizdə Xanağa adlı bir kişi yaşayırdı. Xanağa özünü şair sayır, şeir adı ilə cızma-qaralar yazıb göndərirdi qəzetlərin redaksiyalarına. Redaksiyalarda onun yazdıqlarını oxuyub, hər dəfə ona təxminən belə məzmunda məktub göndərirdilər. “…Yazınız bədii cəhətdən çox zəif olduğu üçün dərc edilmədi”. Xanağa kişi ona gələn məktubu açıb oxuyar, əvvəl kədərlənər, sonra qəzetin ünvanına “Paxıllıqdan dərc etmirlər”, deyərək söylənərdi. O zaman redaksiyalardan oxuculara göndərilən məktublar nəfis tərtibatla xüsusi blanklarda yazılardı. Xanağa kişi bu blankları elə səliqə ilə bükərdi ki məktubun mətni görünməzdi. Qəzetin adı və ünvanı yazılmış hissəsini isə Xanağa çayxanada tay-tuşlarına göstərər, özünü tərifləyərdi. Gah –məni bayram münasibəti ilə təbrik ediblər, gah da yaxşı şeir yazdığıma görə mənə təşəkkürlərini bildiriblər – deyərdi. Ona inamayanlar olsa da, inananlar da var idi. Hətta kənddə danışırdılar ki,qəssab Məhərrəmin oğlunun toyunda Xanağaya tost demək üçün söz veriləndə o, elə gözəl şeir söyləyib ki bütün məclisdəkilər ona, – əhsən, şair, – deyiblər.
Nə başınızı ağrıdım, Xanağa kişi bir dəfə camışını mal-qara kökəltmə məntəqəsinə satır, amma onda səbir hardaydı ki, başqaları kimi aylarla pul gözləsin. Həm də bu şairə hörmətsizlik olardı. On gün keçəndən sonra səliqə ilə geyinib-keçinən Xanağa kişi gedir camışın pulunu almağa. Müdir əvvəlcə deyir ki, a kişi, pulumuz olanda verəcəyik, hara tələsirsən? Qaşı-gözü qara çıxmısan? Xanağa kişi ədəb-ərkanla əlini salır cibinə və hirslə bir kağız parçası çıxarıb:
–Bilirsən mən kiməm? Mən Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının orqanıyam, – deyir.
“Azərbaycan gəncləri” qəzetindən göndərilmiş məktubu Xanağa kişiyə məxsus mühüm sənəd hesab edən müdirin rəngi qaçır, qorxudan dili-dodağı əsir, tez mühasiblə xəzinədarı çağıtdırıb, “Yerin deşiyindən də olsa Xanağa müəllimin pulunu tapıb verin” – deyir. Heç iki saat keçmir ki, kənd şairinin pulu cibində olur.
Xanağa kişi təhvil verdikləri mal-qaranın pulunu ala bilməyən həmkəndlilərinin yanında qürurla gəzir, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının “orqanı olmağıyla” fəxr edirdi. Ağıllı adamlar Xanağa kişinin sadəlövhlüyünü başa düşsələr də bunu onun üzünə vurmurdular.
Fakt isə faktlığında qalırdı. Xanağa kişi pulu hamıdan tez almışdı və ona bu pulu “Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının orqanı” “olduğuna” görə vermişdilər.