Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

***
Ən qısa rədif-ömür,
ən uzun qafiyə-yoldu.
***
Bir yarpaq uzandı əlim,
bir tumurcuq böyüdü xəyallarım,
ötən günə çatmadı.
***
Səhər mehi
çiçəklərin ətrindən sərxoş,
Unutmuş hara getdiyini,
gəlib bizə çıxmış.
***
Yüz ölçüb,bir biçmək də
yetmir adamın dadına.
Bir ürəkdə beş hərflik
yer tapmırsan adına.
***
Dağlar da yetim qalır,
yollar da qəribsəyir
kimsəsizlikdən.
***
Hər gün bir gün də artar,
unudulmağın yaşı,
unudulan yaşımızdı axı…
***
Yuxumu xatirələr pozur,
vaxt dayanır hərdən.
Hələ yol gəlirəm,
ömrün keçmişindən.
***
Köhnə sevgilərin
qınaq yeriyəm.
Fərq etməz, ölmüşəm,
ya diriyəm.
***
Bir söz də qopardar
yaramın qaysağını.
Aşiqi,
yarasından tanı.