Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri
Zəngli saatı qurdum
Bu gecə dan yerinə.
Üzüb,xatirələrin
Çıxdım asan yerinə.
Ay elə gözəldi ki…
Başımın üstdən asdım.
Sükutu içimdəki
Uyuyan səsdən asdım.
Dərdin qara gözündən
Keçirdim bir ağ sapı.
Xəcalətdən tərlədi
Min ildi susan qapım.
Şirin sözlə aldatdım
Könlümdəki marağı.
Ürəyimin qanıyla
Qaraltdım ağ varağı…
Divardakı təqvimdən
Vaxt sürüşdü bir addım.
Pəncərədən boylanan
Kölgəmi salamladım.