QADIN SEVMƏYİRSƏ…

Qadın sevməyirsə-get üzüsulu,
taleydən gileylən,bəxtdən gileylən,
eləmə özünü məkrinin qulu,
başqa bir çiçəyin ətriylə əylən,

Qadın sevməyirsə–dili bal olmaz,
nifrətdən,hikkədən,təhqirdən qorun,
sevməyən könüllər güclə alınmaz,
öldükdə od tutar məzarın,gorun,

Qadın sevməyirsə-nə coş,nə çağla,
nə sızla,nə yalvar,nədə ki,ağla,
qadın sevməyirsə-nə sın,nə əyil;
səni əzib keçər-yolundan çəkil!

Qadın sevməyirsə-olmaz bəxtəvər,
eşqinlə göylərə qalxmaz,ucalmaz,
səninlə birləkdə yaşaya bilər,
amma ki,səninlə birgə qocalmaz,

İçdə həm İmamdır,həm də ki,Şeytan,
möcüzə yaşayar hər bir qadında,
sevməyən–hardasa xor baxar,inan,
sənin bəxş etdiyin övladına da…

HƏRBİÇİ PALTARI GEYİNDİ QIZLAR

Savaş ara vermir toylar çalına,
yenə evlər yıxar “Qara kağızlar”,
salıb subaylığın tərs damarına-
hərbiçi paltarı geyindi qızlar!

“Dirilik suyudur” qadın sevgisi-
“ölüm qəlpəsinə” nəğmə oxudar,
Snayperlik qızlarda Tanrı vergisi-
eşqi də,kini də ürək dağıdar.

Ağlını çaşdırmaz barlar,maşınlar,
unutsa-biryolluq unudar səni,
vəfalı mələkdir hərbiçi qızlar,
ölsən-ürəyindən asar şəklini!

Vətəndən savayı heç nəyi olmaz
alovlar içindən keçən qızların,
sevdisə-eşqini mərmi də qırmaz
döyüşdə yarını seçən qızların!

Şaiirlik çoxunu “Qauvbaxta” salıb,
özümə o qədər cəza vermişəm…
dağ boyda General “ofsaytda” qalıb,
“raportu”-“sıravi” qıza vermişəm!

Vətən,bəxtəvərmi əsgər qızların?
əzab da,şöhrət də sənin adındı,
sənin dar günündə ən böyük Qadın,
xanımlar-xanımı Əsgər qadındı!!

Allahım,savaşın son günü hanı?
rəhm et,yazılmasın “Qara kağızlar”!
nəmli səngərlərə çökən dumanı,
öpər duvaq kimi Hərbiçi qızlar…

10.10.2001. “SƏNİNLƏ” kitabımdan,2016.