“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
burax, əllərində ölsün qırışlar,
çərçivə olmasın baxışlarına…
mənə çoxdan “xala” deyir uşaqlar,
nə tez “nənə” oldun, ay naxış anam?!
Mən elə bilirdim,
qocala bilməz
mən boyda “körpəsi” olan bir qadın…
Daha günlərimdən borc ala bilməz,
“olmazlar”…
Dilimdə təkbirdi adın…
burax, qoy qocalsın “Sabir küçəsi”…
heç kimin ilk sevda qəsri olmasın…
“saçımda ağ kağızın boz kölgəsi…”
-demişdin…
o kölgə heç canlanmasın…
burax, dizlərində kükrəsin zaman…
burax, at oynatsın sevinc üzündə…
mən sənin dizinə qısılıb yatan
“körpənəm”…
qalmışam şeir düzündə…
əllərim açılır dörd bir tərəfə-
mən bütün dinlərin bidətçisiyəm…
duam himn kimi…
“Laylay, bənövşəm…”
Lilitin sonuncu lənətçisiyəm…
sən nə tez yenildin ağrılarına?
nə tez zəfər himni çaldı “can hayı”?
sən nə tez qocaldın, ay naxış anam?
hələ cücərməyib candan can payım…