This image has an empty alt attribute; its file name is sefaeyvaz.jpg

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Əllərim qoynumda bükülü qalıb,
Ürəyim həsrətdə çəkili qalıb,
Gözlərim üzünə dikili qalıb,
Bu sevginin bir sonu var, bilirəm.

Ötən günlər məndən ili apardı,
qüssə kədər şirin dili apardı,
Yadlar gəldi doğma əli apardı,
Bu sevginin bir sonu var, bilirəm.

Göz ağlayar, dodaq gülər, çətindi,
Nadan gələr, dərdi bilər, çətindi,
Gedən gülər, qalan ölər… çətindi,
bu sevginin bir sonu var, bilirəm.
05/07/2013


Məzəmmət edirsən məni,
“Necə acılaşıb dilin” deyirsən.
Sənə ağır gəlir acı sözlərim?
Şükr elə, ay bəxtəvər,
Bu nədir ki görürsən?!

“Necə acılaşıb dilin” deyirsən,
Deyəsən yatmısan fil qulağında.
Ay insan, büsbütün dəyişən sənsən…
Durmusan yad ömrün astanasında.

Deyəsən yatmısan fil qulağında,
Əllərin bir başqa əl içindədi.
Dəyişib səsinin yumşaq tonu da,
Saxta təbəssüm də el içindədi.

Əllərin bir başqa əl içindədi,
Baxışın borc alıb zirvədən buzu.
Sən bütün dəyişib özgə olmusan,
Mənim dilim acılaşıb çoxdumu?!
2013.