QOCALIQDAN XƏBƏRSİZLƏRƏ…
Ələ keçə sənə rişxənd eləyən,
nəyi yanlış,nəyi düzdü-deyəsən,
“Hər bir yaşda gözəllik var”-söyləyən,
qocalıqdan xəbərsizdi deyəsən?
Cavanlıqda qaş-göz atar hər gözəl,
bacarırsan ömrü-günü sür gözəl!
gecə yarı vədə verə bir gözəl,
qapısını gizli-gizli döyəsən.
Sevgi çəkər sinədəki yanğını,
azarladıb hey çəkərlər qaygını,
soruşanda içindəki çovğunu:
“Sənə coşan bir dənizdı!”-deyəsən.
Vaxt belə ki, qaraldacaq qanını,
“əl ağacın” kəsdirəcək yanını,
atıb-getmiş xəbər ala halını:
“Sən gedənnən kimsəsizdi”-deyəsən.
Çarə olmaz dərd belini əyənə,
bəla gələr gül xətrinə dəyənə!
“Vahid ƏZİZ vəfasızmış…”-deyənə:
“Sənə qurban bu ƏZİZdi”-deyəsən…
DÜNYA,SƏNƏ QONAĞAMSA…
Dindirin,hamısın açım-
dərdi belə ağlamazlar,
kimim var-üstünə qaçım?
yadla peyman bağlamazlar.
Yoxa çıxdın.İtib-batdın,
xırdalayıb,alıb-satdın,
sığal çəkdin,qırıb atdın-
belə çiçək qoxlamazlar!
Hardasan,ürək sıxanım,
sevgimdən hayıf çıxanım?
dolanıb gendən baxanım,
dostu belə yoxlamazlar!
Şikəst etmə-sınmıramsa,
birdə anlat-qanmıramsa,
dünya,sənə qonağamsa-
bu cür qonaq saxlamazlar!
,
“SƏNİNLƏ” kitabından