Aprel şəhidləri
Bizi ilk qarşılayan
Aprel şəhidləriydi,
Bu Cocuq Mərcanlının
Ən müqəddəs yeriydi.
Ayağına gül qoyduq
Şəklinə baş əydik.
Ay oğul, təki belə
Toyunuza gələydik.
Daim gənc qalarsınız
Göz aydın, üzü gülər,
Daim ayağınızı
Öpəcək qızılgüllər.
Əsgər gedən oğullar
Burdan gedər döyüşə.
Sevən yaşıdlarınız
Bura gələr görüşə.
Gələnlər gedəcəklər
Kimi ucalacaqdı,
Kimi qocalacaqdı,
Kimi zəfər çalacaq!
Düşməndən intiqamı
Dönə-dönə alacaq!
Aprel döyüşçüləri
Belə cavan qalacaq.
Onlar zamandan güclü,
Dövrandan üstündülər.
Onlar gecə aydılar.
Gündüzlər də gündülər…
Eh… Bunlar hamısı sözdü,
Şəhidlər ölümsüzdü!
Şuşa Məscidi
Cocuq Mərcanlıya
Şuşadan qonaq gəlib.
Cocuq Mərcanlının ağ gününə.
Geyinib dümağ gəlib.
Şuşanın məscidi namaza durub.
Əllərini Allah dərgahına qaldırıb.
Qarabağa azadlıq diləyir.
“Allahım, köməyimiz ol” – deyir.
Azanın səsi
Haqqın qapısını döyür.
Məscid onun üzüdü,
İçi insan içidi.
Bu Şuşadakı Məscidin özüdü,
Əsgərlərimizə gəlmiş elçidi.
Gəlin bizi alın! – deyir.
Gəlin zəfər çalın! – deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
“Qarabağ Şikəstəsi”nin səsindən
Ən uca zənguləsindən
Yadları salın!
Qarabağı alın! – deyir.
Məsciddə görüş
Ruhu titrədən bir görüşdü.
Ordumuz ayağa qalxsa
Şimşək kimi çaxsa
Ordumuz üçün ən asan iş döyüşdü .
Qalanını tarix yazır.
Hər azərbaycanlının içində
Bir əsgər var
Döyüşə hazır!