Mələk dodağında səslər eşitdim,
Ruhuma hopdurdum o səsləri mən.
Qəlbimə köçürdüm, qanıma yığdım,
Bütün sevgiləri, həvəsləri mən.
Şeyximin yolunda olmadım naşı,
Tökdüm Yunus kimi gözümdən yaşı,
Vaxtında tanıdım Hacı Bektaşı,
Sevdim o sevdiyi həvəsləri mən.
Qanad bağışladı küləklər mənə,
Güc verdi tanrılar, fələklər mənə,
“Dağıt!” deməsəydi, mələklər mənə,
Dağıda bilməzdim qəfəsləri mən.
*Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş “Mən bir dağ çayıyam…” adlı şeirlər kitabından seçilərək dərc olunub