Xalq şairi Hüseyn ARİF.”Danış”

Ey hərdən mənimlə üzbəüz olan,
Şəri bir yana qoy, xeyirdən danış.
Dərəyə, təpəyə salma özünü,
Laləli, nərgizli bir yerdən danış.

Öyüb yaxınını, söymə yadını,
Sınama hər yerdə qol-qanadını,
İki yüz şairin çəkmə adını,
Bircə ürək açan şeirdən danış.

Hanı sellər kimi coşub çağlayan?
Sözün qüdrətini ellərə yayan?
Hüseyni torpağa, suya bağlayan,
Arzudan, əməldən, fikirdən danış.

*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.