Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Məclislər başına çəkməzlər məni,
Hələ ki, köhnədir çuxam, a dostlar.
Ürəkdə məkrlər, gözlərdə yalan,
Mən o baxışlardan toxam, a dostlar.
Yaxşılar görmüşəm ilişib torda,
Yaman yüz kələklə qalmayıb darda,
Bu zaman çox verib qoyunu qurda,
Onunçün onunla yoxam, a dostlar.
Hiylədi, fitnədi, fəsaddı dünya,
Nə arzu dilədim nəs atdı dünya,
Alçağı, naqisi yaşatdı dünya,
Qalıbdı əllərdə yaxam, a dostlar.
Çox baxdım dünyanın qəm baxarına,
Nəcibə, tale də gəlmir karına,
Düşüb bu dünyanın tərs axarına,
Üzü qibləsinə axam, a dostlar.
..12.04. 1989