Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

İtirilmiş şəhərləri okeanlarda axtarıb
Səhralarda tapırıq…
Səncə, bu, sevgi deyil?!
Harda bir ovuc gülüş var
Gözlərimizlə qapırıq…
Səncə, bu, sevgi deyil?!

“Ağ yuyub qara sərdiyim”
Sənsizliyin qucağına
Bir körpə şəkli qoymuşam…
Dünən də xəyalımda
Şuşaya qədər qaçmışam,
Cıdır düzünün köksündə
Şeir süfrəsi açmışam…
Səncə, bu, sevgi deyil?!

Şeir-şeir, nəğmə-nəğmə
Öldürürlər şairləri
Bütün gözəl oxucular…
İlk şeiri yazanların
Son misrası ağı olub;
Unudulmur ağıçılar…
Səncə, bu, sevgi deyil?!

Dəməşqdə bir qız ağlayır,
İstanbulda layla deyir bir nənə…
Bizim evə yağış damır;
Damla-damla pay bölürük Tanrıyla:
“Biri sənə, biri mənə…”
Səncə, bu, sevgi deyil?!
Məncə,
Sevgidir, sevdiyim…

2020