Azərbaycan Yazıçılar Birliyinin üzvi

       Qoşqardan əla dərs

Kürdəmirin Şilyan (Qarasu) kəndindən olan Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, ölümündən sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”, medalları ilə təltif edilmiş, Şuşanın Daşaltı kəndi uğrunda döyüşlərdə şəhid olmuş  Qoşqar Səxavət oğlu Ömərovun ölməz xatirəsinə  ithaf edirəm!

Vətənin nə qədər igidləri var,

Bunlardan biridir-nur üzlü Qoşqar.

İstəyirəm, onun haqda danışım,

Olmasa da, nə dostum, nə tanışım,

İndi doğmadan da əzizdir mənə,

Canın fəda edib ana vətənə.

Doğulsa da Kürdəmir Şilyanında,

Sevilir yurdumun o, hər yanında,

Uşaqlıqdan dəqiq, ləyaqətliydi,

Ağıllı, çalışqan fərasətliydi,

Məktəbdə əlaydı  onun qiyməti,

Kəndlərində vardı, xətir-hörməti.

Atası Səxavət müəllim kimi,

Sevirdi, təhsili, sevirdi elmi.

Oxuyub məktəbi, beşlə bitirdi,

Ali məktəbə də uğurla girdi.

Riyaziyyata tükənməyən marağı

Asan etdi, ona neçə sınağı.

Oxuyub qurtardı ali məktəbi,

Ürəyində vardı yenə mətləbi.

Magistr diplomu alması üçün,

Daha səviyyəli olması üçün,

Çalışdı, gecəni gündüzə qatdı,

Nəhayət, bu ülvi arzuya çatdı.

Vaxt gəldi, yollandı hərbi xidmətə,

Əsgəri borcunu verdi dövlətə.

Qayıtdı xidmətdən,  verdi imtahan,

Müəllim olmaqçın- bilindi məkan.

Həyat çarpışmaqdır, həyat yarışdı,

Masazırda müəllim tək çalışdı.

Qoşqar çox saf idi, çox təmiz idi,

Məktəbdə hamıya dost, əziz idi.

Torpaq düşməndəydi, dözə bilmirdi,

Ürəkdən danışıb gülə bilmirdi.

Nəhayət,  gün gəldi, çağırdı vətən.

Sevindi: -Bu günü gözləyirəm mən.

Yollandı döyüşə bir aslan  kimi,

Vuruşdu hünərlə, qəhrəman kimi,

Kəşfiyyatçı oldu, mərdlik göstərdi,

Yağını məhv etdi, heçə döndərdi.

Qoşqar dağ adıdır- yüksəklik, zirvə,

Əsgər dostlarıyla aldı çox zirvə.

Utan, yox ol, düşmən, sənə, olsun ar,

Daşaltı uğrunda döyüşdə Qoşqar,

Göstərdi şücaət, göstərdi mərdlik,

Taleyində varmış onun şəhidlik.

Doğma el-obanın yurdun igidi,

Qazandı ölməz ad-vətən şəhidi.

Qoşqar,  sən, əbədi yaşayacaqsan,

Zirvəsən, adını saxlayacaqsan.

Dünyaya nə qədər Qoşqar gələcək,

Evlərə ucalıq, vüqar gələcək.

Atana deyirəm,-Əziz Səxavət,

Övladın yurduma gətirdi şöhrət.

O, köçdü cənnətə, göyə ucaldı,

Gənc nəsil Qoşqardan əla dərs aldı.

Düşməndən alınıb doğma torpağım,

Sevin Qarabağım, gül Qarabağım.

Şuşamız bir yolluq  olubdur azad,

Yurdumda qalammaz heç vaxt düşmən, yad

14.02.2021