Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SEVGİLİM

Gəl oxu yazdığım təzə yazını,
Sənə ünvanlanmış dua kimidir.
Gəl boya şəfəqə bahar, yazımı,
Bu sevgi fələyin bir tilsimidi.

Bu sevgi qəlbimə göylərdən gəlib,
Canımdan can çıxıb, səni görüncə,
Mənim gözlərimə duman, çən gəlib,
Sən bir bənövşəsən incədən incə.

Həsrətin daş olub, ürəyim şüşə,
Bu da bir qismətdi, bu da bir paydı,
Ayrılıq qəlbimi çəkibdi şişə,
Camalın Günəşdi, qaşların Aydı.

Gözündən yayılır qəlbimə şəfəq,
Günəş güzgülənir sənin gözündə,
Ətrindən bihuşam ey nazlı çiçək,
Gözlərim ilişib qalır üzündə.

Adın çox əzizdir adlar içində,
Olmusan ocağım, olmusan pirim,
Məni yalqız qoyma odlar içində,
Sənə qurban olsun, qoy ölüm, dirim.

Sən gəlsən, Əzizin ürəyi gülər,
Gəl çıxaq çəmənə, düzə, sevgilim,
İndi bahar gəlib, açılıb güllər,
Ömrümü, günümü bəzə, sevgilim.