NƏCİBƏ İLKİN:
Tale çaşdıranda adamı qardaş,
Hər yetən adama yol göstərərmiş.
Vaxtında dost olub arxa bildiyin,
Dar günündə sənə qol göstərərmiş.
AQİL KƏNGƏRLİ:
Düz dedin, ay bacım, haqqlısan yenə,
Yolunu azan da yol göstərərmiş.
Çoxları dost kimi görünər sənə,
Amma artist kimi rol göstərərmiş.
NƏCİBƏ İLKİN:
Yadına düşəndə sevdalı çağlar,
Həsrət için-için səni qucaqlar,
Gəzdiyin bağçalar, gördüyün bağlar,
Gülünü gizlədib, kol göstərərmiş.
AQİL KƏNGƏRLİ:
Nə dövran həmindi,nə vaxt həmindi,
Tülkülər şir olub,qurd qoyun indi.
Dünyanın min cürə hiyləsi,fəndi,
Sağdan vura-vura,sol göstərərmiş.
NƏCİBƏ İLKİN:
Nəcibəyəm, günah bilmiyin məndə,
Çox çaşıb qalmışam dumanda, çəndə,
Allah da üzünü yumşaq görəndə,
Kədəri sevincdən bol göstərərmiş.
AQİL KƏNGƏRLİ:
Siyasi meydanda gedir oyunlar,
Satan kim,alan kim,bizik günahkar?
Vurub qapımıza oyundankənar,
Hakim tez mərkəzi,qol göstərərmiş.