Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
İpək kimi zərifdi,
Külək əssə titrəyər.
Toxunsalar xal düşər,
Dəniz kimi kükrəyər-
Sevənlərin ürəyi.
Ümmandı, yetməz sona,
Tükənməz arzular tək.
Həmdəmdi xəyal ona,
Təmizdi saf sular tək-
Sevənlərin ürəyi.
Nə kələk, hiylə bilər,
Nə də xəyanətlidi.
Hicrana ölüm dilər,
Əhdə sədaqətlidi-
Sevənlərin ürəyi.
Əzəl gündən insanı
Pak məhəbbət yaşadır.
Ehtiyatlı olun ki,
Sına bilər, şüşədir-
Sevənlərin ürəyi.
Duyğularla danışar,
Dili yox, lala bənzər.
İçin-için alışar,
Nəğməli vala bənzər,
Sevənlərin ürəyi.
Sevinc nəhsə dönəndə,
Şimşəklərə od paylar.
Günəş səmtə dönəndə,
Ulduzları haraylar-
Sevənlərin ürəyi.