TANIŞLIQ

Kimə nə, kiməm, nəçiyəm?-
Hər gələn baxır, adamam.
Dünyanın ən bəd əməli
Adamdan çıxır – adamam.

Göyə tor atan deyiləm,
Yerdə qarsatan deyiləm.
Nə vurub-tutan deyiləm,
Nə elə fağır adamam.

Sinəm – qalxan, dilim – süngü,
Qəddim – ağac, əllərim – gül.
Mən dumandan, çəndən yüngül,
Mən dağdan ağır adamam.

Doğranıram budaq–budaq,
Tökülürəm yarpaq–yarpaq.
Mən kefi kök, damağı çağ,
Mən könlü yağır adamam.

Haqqın görkü – ODam, SUyam.
Haqqa varan bir yolçuyam.
MƏNəm, SƏNəm, Oyam – buyam,
Adamam, axır, adamam.

KEÇİR

Hər oyun dildən başlayır,
Hər əməl təpərdən keçir.
Başı bacadan girənin,
Ayağı çəpərdən keçir.

Fərman verir dağa, daşa
Qışdan yaza, yazdan qışa.
Qaydadı – hamıdan başa
Başını tərpədən keçir.

Hər ağızda tamah dişi,
Düşür üçü, çıxır beşi.
Dünyanın ən böyük işi,
Bələkdə körpədən keçir.

Göy kişnəyir nərə-nərə,
Yer yarılır birdən-birə.
Sözlülər keçməyən yerə,
Keçənlər törpüdən keçir.

İl olunca gün var, ay var,
Hər şeydən hamıya pay var.
Bu dünyada bircə çay var,
Hamı bir körpüdən keçir.