Haçansa sınacaq bu yaşıl çinar,
Haçansa son dəfə yarpaq salacaq,
Haçansa bu kövrək, şirin arzular
“Əlvida” dediyim qonaq olacaq.

Haçansa , a mənim əbədi durnam,
Sən də həyatımı tərk edəcəksən,
Ya özün, ya da ki, bir tapşırıqnan
Mənə “Can !” deməyi tərgidəcəksən.

Haçansa , amma ki, bir gün olacaq,
Ürək dəli kimi bağıracaqdı,
Səni, həsrətindən soyuyan ocaq,
Külünü atmağa çağıracaqdı.

Haçansa hər şeyin gələcək sonu,
Gərəksiz olacaq sözlər, şeirlər,
Hər şey bu dünyada tale oyunu ,
Haçan nə olacaq?…Bir Tanrı bilər! …

18.09.2006