Zəkalı nələrsə şeirimdən duyub,
soruşub-“Nəçiyəm,kimə simsaram?”,
imanlı-haqqımı ortaya qoyub,
söyləyib-“”Bununçün “Çətin adamam””.
Alqışlar dilinə düz danışanın,
nə satqın,nə də ki,qumarda varam,
içində çırpınıb yaşantıların,
fırlar bağlamışam-“Çətin adamam”.
Uşaqnan uşağam,böyüknən-böyük,
gözümün düşməni–binəva, nadan!
oğruynan,quldurnan olsaydım şərik,
“Yuxarı” çatmazdı–“Çətin adamam!”.
O qədər simasız insan görmüşəm;
zəhərli-ilantək,sümsük-it kimi!
Tanrı varlığını dərk eləməyən,
nə cür başa düşüb- “Çətinliyimi”?!
Əsil şairlər də Peyğəmbər kimi,
millətin dərdinə ürək yandırar,
Peyğəmbər–insana Tanrı sözünü,
Şairlər Allaha giley çatdırar!
Vaxtı haqsızlarla nizamlamayın,
onlar riyakarlar,minsifətlilər,
şairlər sözünü yerə salmayın-
torpaqdan güc alıb tikan göyərdər.
Çiçəkdən kövrəyəm,ipəkdən zərif,
sadəcə olaraq-alverdə xamam,
bu söz mənim üçün dəyərli tərif:
Eşq olsun,yaxşı ki–“Çətin adamam”!