Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Baxıram həyata necə buz kimi,
Qaldım xəyallarda yuxusuz kimi,
Eşqi qərib düşən nakam qız kimi,
Bu axşam bir şeir yazmağım gəlir.
Könlümün səhrası düzəndi, düzdü,
Boylandım gümanlar gözünü süzdü,
ürəyim dərd yeri, kösövdü, közdü,
Bu axşam bir şeir yazmağım gəlr.
Bəxtin naxışına üz tutanda qəm,
Kədər yar deyib oluram həmdəm,
Qəlibmdə göz yaşı, yanağımda nəm,
Bu axşam bir şeir yazmağım gəlir.
Dərdi var dünyanın, yerin, göyün də,
Dərd səni tapanda sevin, öyün də,
Ölmüş arzuların lap ətəyində,
Bu axşam bir şeir yazmağım gəlir.
Xəzana düşəndə ümid yarpağı,
Yamanca dağ olur, həsrətin dağı,
Qış gəlir saralıq eşqin varağı,
Bu axşam bir şeir yazmağım gəlir.
Qəmin oylağıyam, səhrayam, çöləm,
Bəlkə də ümmanam, bəlkə də göləm,
Bu axşam sinənə baş qoyb öləm,
Bu axşam bir şeir yazmağım gəlir.