AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılışı, Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbalın həyatı və yaradıcılığı” kitablarının təqdimatı keçirilib.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin nümayəndələrindən Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı və Seyfəddin Hüseynli də iştirak ediblər.

Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin açılış nitqi ilə başlayıb. Akademik qeyd edib ki, “Dünya ədəbiyyatının başdan-başa Pakistana həsr olunmuş xüsusi bir sayını təqdim edirik. AYB-nin katibi Səlim Babullaoğlunun rəhbərliyi ilə, jurnalın baş redaktoru Seyfəddin Hüseynlinin böyük zəhməti ilə dərginin Pakistan sayı meydana gəlib. Kitabda 44 Pakistan şair və yazıçısının əsəri yer almış, haqqında məlumat verilmişdir. Jurnalın bu sayına Ədəbiyyat İnstitunun direktoru və Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti müqəddimə yazıb. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyin nəşr etdiyi “Dünya ədəbiyyatı” jurnalının Pakistan sayı Azərbaycanda qardaş Pakistan ədəbiyyatını öyrənmək baxımından ən sanballı mənbədir. Dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, dəvətimizi qəbul edib Yazıçılar Birliyin heyəti də burada iştirak edir. Fəlsəfə İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Könül Bünyadzadə Ədəbiyyat İnstitutu ilə bərabər İqbalın irsindəki fəlsəfi tərəfləri öyrənir. Dünən Pakistan heyəti Gəncə şəhərində Xəlil Yusiflinin söhbətlərini dinləyib. Həmçinin, qonaqları yüksək səviyyədə qəbul etdiklərinə görə AMEA-nın Gəncə bölməsinə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi haqqında Nizamişünaslıq şöbəsinin hazırladığı kitabı qonaqlara təqdim edəcəyik.

Çox zəngin Pakistan ədəbiyyatı ongünlüyü keçirilir. Bu, Pakistan-Azərbaycan ədəbi əlaqələrində ciddi dəyişiklikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin bütün tərəflərinə çox böyük əhəmiyyət verir. Biz Pakistan Azərbaycan əlaqələrinin tamamilə yeni mərhələsinə başlayırıq. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilə olan görüşə qədər əlaqələr tanışlıq mərhələsində idi. Bu münasibətlərin yeni mərhələsinə verdiyi töhfələrə görə AYB-nin sədri, xalq yazıçısı Anara da minnətdarlıq edirik. Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olaraq Pakistanda Azərbaycan ədəbiyyatı antologiyası və Nizami Gəncəvi haqqında Lahor Dövlət Kollec Universitetində kitab çap olunacaq”.

Tədbirdə şair, kitabın tərcümə edəni və şərhlərin müəllifi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlı Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, AYB Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu isə Pakistan ədəbiyyatı xüsusi sayının necə yaranması haqqında məlumat veriblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından Bəsirə Əzizəliyeva və Şəhla Qurbanova da çıxış ediblər.

Lahor Dövlət Kollec Universitetinin Urdu Dili Kafedrasının müdiri, professor Saima İram çıxışında Quba Soyqırımı Memorial Kompleksinə, Gəncə şəhərinə, Nizami Gəncəvinin məqbərəsinə, bir sıra muzeylərə səfərlərindən məmnun qaldıqlarını bildirib. Mərkəzi Elmi Kitabxanaya Pakistan ədəbiyyatı nümunələrini təqdim etməyi və onların təqdimatının keçirlməsini istədiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi və orada yayılmasına dəstək olacaqlarını bildirib. “Siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz də Nizami Gəncəvini sevirik” – deyib.

Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli də çıxış edərək gələcək ədəbi-elmi əlaqələrə böyük töhfə olan bu tədbir haqqında fikirlərini bölüşüblər. Tədbirin sonunda bir sıra azərbaycanlı ziyalılara sertifikatlar təqdim edilib.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi