“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Necə dəyişmişəm?

Ürəyincəmi?

Bu ruhsuz, duyğusuz

Halım necədi?

İndi, yoxsa öncəmi?..

Qəfil ürəktutmasıtək

Tutmuşam ürəyimi.

Hara qoyum?

Küncəmi?

Təzə-təzə sevinirdim,

Təzə-təzə sevirdim.

Dağıtmısan,

Qoparmısan qönçəmi.

Özünü bir özgəsiylə

Nə vaxt dəyişir insan?

Nə vaxt?

“Böyüyüncəmi?”

* * *

Bəs əgər bu gedişin

Adı ayrılıqdısa…

Böyütdüyüm duyğular

Ürəyimi sıxdısa…

Bəs əgər, ömrüm-günüm,

Tanrı bizə baxdısa…

Göyün günəş üzündən

Əllərimi yıxdısa…

Bəs sürdüyüm ömür-gün,

Bir gün yoldan çıxdısa…

Və bunların səninçün

Bir önəmi yoxdusa…