Hacıyeva Günel İsrail qızı 1990-cı il aprel ayının 23-də Laçın rayonunda anadan olub. 1997-ci
ildə Bərdə rayonundakı orta təhsil müəssisələrindən birinə qəbul olub. Bir müddət burada
təhsilini davam etdirdikdən sonra Bakı şəhərinə köçmüşdür. Bakı şəhərindəki Kimya-Biologiya
Təmayüllü Respublika liseyinə qəbul olub. 2008-ci ildə həmin liseyi bitirib. Digər həmyaşlıları
kimi, o da həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və Ədəbiyyat)
fakültəsinə qəbul olmuşdur.
Poeziyaya çox erkən yaşlarından başlayıb. ”Şəkil” adlı ilk şeirini ibtidai təhsilini davam
etdirən müddətdə yazıb. Dövri mətbuatda 2003-cü ildən etibarən çıxış edir. Müəllifin “ilk
uğurlu qələm təcrübəsi”olan şeiri “Bərdə” qəzetində işıq üzü görüb. Bu uğurdan ruhlanan
müəllif gələcək illərdə daha da sanballı əsərlər yazmağa başlayıb. Sonrakı illərdə isə ardıcıl
olaraq “Sərbəst düşüncə”, Sumqayıtda şəhərində nəşr olunan ”Yüksəliş naminə”, Bakı
şəhərində isə “Ümid” qəzetlərində şeirləri ilə çıxış edib.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin
əsas və yeganə mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq
çıxış edib. Həyatının sonrakı illərində məqalələri və digər ictimai-siyasi şeirləri ilə “Yüksəliş
naminə” qəzetində müntəzəm olaraq çıxış edib. Hal-hazırda bir-birindən daha maraqlı
şeirləri ilə oxucuları düşündürməyə vadar edən gənc şairə arasıkəsilmədən poeziya
nümunələrinin sayını artırmaqdadır.
Gənc ədib haqqında onun qələm yoldaşı Kənan Aydınoğlu “Qələmi əlinə götür, ay şair!”,
”Sıxılma, büdrəmə illər uzunu”, “Dağılsın gözündən həsrət, ayrılıq!” şeirlərini yazmışdır.

QOY VƏTƏN FƏXR ETSİN, SƏNLƏ, QARDAŞIM!

Kənan Aydınoğluna.

Dünyaya sığmayan bir ürəyin var,

Hər misran gövhərdi, ləldi, qardaşım.

“Böyük Allah” adlı bir köməyin var,

Haqq yolu ən doğru yoldu, qardaşım.

Parçalanmış bir millətik bilirəm,

Xalqın qara günlərini görürəm.

İçimdə ağlayıb, üzdə gülürəm,

Nolacaq bu xalqın halı, qardaşım?!

Bəzən sədaqətdən, əhddən yazırsan,

Bəzən də dərdlənib dərddən yazırsan,

Bilirəm, yazanda qəlbdən yazırsan,

Var olsun qələmin, sözün, qardaşım.

Kənan! Çəkməyəsən nə ah, nə aman,

Qəddini əyməsin bu qəddar zaman.

Şeir dünyasında yarat xaniman,

Qoy vətən fəxr etsin, sənlə, qardaşım.

Günel İSRAİLQIZI.

22 aprel 2010. Sumqayıt şəhəri.