Xəyalə ALIYEVA 1991-ci ildə Laçın rayonunda anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
Sənin tilsiminə düşmüşəm yenə?!
Yenə də sənsizəm, sənsizəm, gülüm,
Sənsiz bu həyatın mənası yoxdur.
Könlümdə açılan şeir dünyamı,
Güzgütək göstərən aynası yoxdur.
Mənim varlığımsan, qoy bilsin hamı,
İnsan yaşayarmı ruhu olmasa?!
Sən mənim ömrümsən, gülümsən, canım!
Bir can yaşayarmı nəfəs almasa?!
Özüm də bilmirəm nədəndir belə,
Ruhumu almısan əlimdən mənim.
Mələksən, şeytansan bilmirəm, nəsən,
Ağlımı almısan əlimdən mənim.
Yenə yaşanılan ömür yolunda,
Səni düşünürəm hər zaman, hər an.
Kaş ki, sən özün də baxıb biləydin,
Hazıram uğrunda qoymağa bir can.
Sevgimiz dillərdə dastan olandan,
Sevinc sənə düşdü, göz yaşı mənə.
Görəsən, bu duyğu nədir ki, belə,
Sənin tilsiminə düşmüşəm yenə?!