“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizlərə Nargis İsmayılovanın şeirini təqdim edirik.
Bu gün bütün gün darıxdım…
Sabah da darıxacağam…
Yenə, yenə, yenə, yenidən…
Hiss qarmaqarışıqlığından doğulur bomboz kölgən…
Valehedicidir,
Qucaqlaya bilmirəm…
Tökülürsən ürəyimdən
Vulkan külləri kimi boğucu və yandırıcısan.
Dəyərlim,
Əvəzedilməzim
Çalışıram,
əvəz olunmursan, bacarmıram.
Bacaracağam, bacarmalıyam…
Yoxluğunu əridib…
Davam edəcəyəm bomboz həyatıma
Bir qədəh şərab, bir siqaret… və kitablar…
Göz kölgələrim kimi yayılacaqsan yastığıma, kabusa çevrilib boşalacaqsan gözlərimdən…
Silib ata bilməyəcəyəm bəlkə də qoxunu
13 kvadratmetrlik otağımdan…
Xəyalqırıqlığım!
Kölgələrə çevrilib addımbaaddım izləyəcəksən xoşbəxtliyimi…
Ən möhtəşəm qarabasmam olacaqsan,
asılacaqsan otağımın divarlarından…
Küləyə çevrilib əsəcəksən hər gün ağlıma…
Bilirəm, yenə, yenə, yenidən yellədib qapqara pərdələrimi şığıyacaqsan ürəyimə…
Bir siqaret laqeydliyi ilə əziləcəyəm barmaqlarında…
Közərə-közərə qalacağam, bilirəm…
Sonra qalib ədasıyla çırpılacaq qapıların üzümə…
Mən söykənəcəyəm xəyalının astanasına, biləcəyəm ki, ordasan…
Bir zəng qədər məsafələr böyüyəcək aramızda, dünya boyda olacaq…